“İndiki yaşıma qədər yeddi dənə çox ciddi əməliyyat keçirmişəm”.
Referans Media xəbər verir ki, bunu Nazim Pişyari (Faytonçu Nazim) Kanal S-ə müsahibəsində deyib.
“Hamısı ağır əməliyyat idi. Belə deyim də, məni yığdılar. Doğmalarım çox böyük stress yaşadılar: anam, həyat yoldaşım, bacılarım, ətrafımda olan dostlarım, qonşularım. Sağlamlığıma gedən yolda mənəvi sarsıntı keçirdilər. Xalqımın, insanların duası, göydə Allah, yerdə həkimlər olmasaydı, bəlkə də sizinlə burda oturmamışdım”.
Müğənni illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsindən də danışıb:
“İndi həmin həkimin işdən kənarlaşdırılıb-kənarlaşdırılmadığını bilmirəm. Amma məhkəmə dövründə o, heç bir əməliyyata girə bilməzdi, işindən uzaqlaşdırılmışdı, ölkədən çıxmağına qadağa qoyulmuşdu. Həkim səhvi olduğu İsraildə müayinələrdən keçəndən sonra müəyyən edildi. İsrail və Türkiyə xəstəxanalarının verdiyi rəylər bunu sübut edirdi. Məhkəmə də sonda bu qərara gəldi”.
Faytonçu Nazim jurnalist Tahirə Məmmədqızı ilə arasındakı qalmaqala da aydınlıq gətirib:
“Düşünürəm ki, özünə jurnalist deyən biri obyektiv olmalıdır. Deyəsən, Tahirə mənim uğursuz əməliyyat olunduğum klinikanın mətbuat katibi idi. Ola bilər səhv edirəm. Ya da Tahirə xanım onların müəyyən yazı-pozu işlərini görürdü, yəni münasibətləri var idi. Amma sonra jurnalistlə barışdıq, mən kinli adam deyiləm”.
Xatırladaq ki, Nazim Pişyari 2017-ci ildə “Elmed” klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub, lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Müğənni ondan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib.
Həmin zaman Nazim Pişyari və jurnalist Tahirə Məmmədqızı arasında qalmaqal yaşanıb. ARB TV-nin “Səhər-Səhər” verilişində qonaq olan jurnalistlə müğənninin sözləri çəpləşib. Nazim onu səhv əməliyyat edən və səhhətində ciddi problemlər yaranmasına səbəb olan həkimdən danışıb. Tahirənin həkimi müdafiə etməsi müğənnini qıcıqlandırıb. Nazim əsəbiləşərək jurnalistin üstünə hücum çəkib.//globalinfo.az























