Formula 1-də 2026 mövsümü yeni qaydalarla başlayır. Mövsümün ilk yarışı bazar günü saat 07:00-da Avstraliyada start götürəcək.
Formula 1-də inqilabi xarakter daşıyan 2026 qaydaları ilə yeni dövrə start verilir. Daha yüngül bolidlər, aktiv aerodinamika və yeni güc qurğuları ilə trasdakı qaydalar yenidən formalaşır.
Bu yeni başlanğıcı fürsət bilən avtomobil nəhəngləri Audi və Cadillac da mübarizəyə qoşulub. Test mərhələsində komandalar real sürətlərini gizlətdiyi üçün favoritlərin güc balansı hələlik tam aydın deyil. Lakin bu həftəsonu gizli mübarizə yerini açıq zaman savaşına verəcək.
Mövsümün ilk yarışı olan 58 dövrəlik Avstraliya Qran-Prisi bazar səhəri saat 07:00-da start alacaq. Albert Park Circuit trasında beş qırmızı işıq söndükdə, Formula 1 tarixində yeni əfsanələr dövrü rəsmi olaraq başlayacaq.























