İrəvan və Bakı arasında Moskva kölgəsi: Sülh prosesini kim ləngidir?

Ermənistan Konstitusiyasında dəyişiklik edilməməsi Azərbaycan-Ermənistan sülh prosesinin gələcəyinə ciddi təsir göstərə bilər. Politoloq Aydın Quliyev hesab edir ki, bu məsələ sülh sazişinin imzalanmasının qarşısında duran əsas şərtlərdən biridir.

Referans Media-ya açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, əgər Konstitusiyada dəyişiklik edilməsə, bu, Azərbaycan-Ermənistan sülh prosesinin sadəcə olaraq qeyri-müəyyən müddətə dayanması ilə nəticələnəcək.

Onun sözlərinə görə, Azərbaycan ilk gündən bu məsələni dəyişməz şərt kimi ortaya qoyub və Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmasa, rəsmi Bakı sülh sazişini imzalamayacaq.

Politoloq vurğulayıb ki, bu, Azərbaycanın emosional və ya iddialı mövqeyi deyil, hesablanmış siyasi yanaşmadır. O qeyd edib ki, Ermənistan Konstitusiyasında keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəaları özündə əks etdirən Müstəqillik Bəyannaməsinə istinadın qalması gələcəkdə Azərbaycana qarşı yeni ərazi iddiaları üçün hüquqi əsas yarada bilər.

A.Quliyev bildirib ki, məhz buna görə Azərbaycan Konstitusiyanın dəyişdirilməsi məsələsini sülh sazişinin əsas şərtlərindən biri kimi irəli sürüb:
“Ermənistan Konstitusiyası dəyişdirilməsə və 1991-ci il Müstəqillik Aktına əsaslanmağa imkan verən müddəalar oradan çıxarılmasa, bu, Azərbaycana sülh sazişini imzalamağa imkan verməyəcək”.

Politoloqun fikrincə, Ermənistan indiyədək böyük resurslar sərf olunan sülh prosesinin yarımçıq qalmasını istəmirsə, Konstitusiyada mütləq dəyişiklik etməlidir.

Aydın Quliyev hesab edir ki, bu proses Ermənistanda müəyyən çətinliklərlə müşayiət oluna bilər. O qeyd edib ki, parlamentdə konstitusion çoxluq Paşinyanın partiyasının əlində deyil və müxalifətin də bu məsələdə təsir imkanları mövcuddur.

Ekspertin sözlərinə görə, Ermənistan müxalifəti ilə yanaşı, Moskvadakı müəyyən siyasi dairələr də Konstitusiya dəyişikliklərinin həyata keçirilməsinə mane olmağa çalışa bilərlər:
“Bir mənalı şəkildə deyə bilərəm ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsinə bu gün mane olan qüvvələrdən biri də Moskvadakı müəyyən hakimiyyət dairələridir”.

Politoloq bildirib ki, həmin dairələr Ermənistanın Avropa İttifaqı və NATO ilə inteqrasiyasına əngəl yaratmaq məqsədilə Azərbaycanla sülh sazişinin imzalanmasının gecikməsində maraqlı görünürlər.

Onun fikrincə, Konstitusiya dəyişikliklərinin təxirə salınması həm Ermənistanın radikal dairələrinin, həm də Kremlin müəyyən siyasi çevrələrinin sülh prosesini ləngitmək üçün istifadə etdiyi vasitələrdən biridir.

A.Quliyev sonda vurğulayıb ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsinin gecikməsi və ya təxirə salınması Azərbaycanla sülh sazişinin imzalanmasına birbaşa təsir göstərən əsas amillərdən biridir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki