Kongo Demokratik Respublikasında (KDR) Ebola epidemiyası ilə bağlı vəziyyət hələ də narahatedici olaraq qalır. Ümumdünya səhiyyə təşkilatı (ÜST) bildirir ki, epidemiyanın elan edilməsindən bir ay keçməsinə baxmayaraq, yoluxma halları artmaqda davam edir.
ÜST-nün Afrika Regional Ofisinin Fövqəladə Hallar üzrə direktoru Marie-Roseline Belizaire BMT-nin Cenevrədə keçirilən həftəlik mətbuat konfransında bildirib ki, epidemiya bir neçə bölgədə yayılmaqdadır və yeni yoluxma halları qeydə alınır.
Onun sözlərinə görə, indiyədək KDR-in 3 vilayətində yerləşən 33 səhiyyə rayonunda 896 təsdiqlənmiş yoluxma faktı və 232 ölüm halı qeydə alınıb. Qonşu Uqanda isə son 12 gündə yeni yoluxma halı barədə məlumat verməyib.
Belizaire qeyd edib ki, ÜST KDR hökuməti ilə sıx əməkdaşlıq edir və epidemiyaya qarşı mübarizə tədbirlərinə dəstək verir. Hazırda 115-dən çox ÜST mütəxəssisi zərərçəkmiş bölgələrdə fəaliyyət göstərir.
ÜST rəsmisi vurğulayıb ki, epidemiyanın genişlənməsi maliyyə və əməliyyat ehtiyaclarını artırır. Bəzi yüksək riskli ərazilərdə giriş məhdudiyyətləri isə mübarizə tədbirlərini çətinləşdirir.
Xatırladaq ki, KDR-in şərqində yerləşən Ituri vilayətində 15 may tarixində 246 şübhəli yoluxma və 65 ölüm halından sonra epidemiya elan olunub. ÜST isə 17 mayda yenidən yayılmağa başlayan Ebola səbəbindən beynəlxalq ictimai səhiyyə üzrə fövqəladə vəziyyət elan edib.
Səhiyyə qurumlarının məlumatına görə, hazırkı epidemiya Ebola virusunun nadir növü olan Bundibugyo variantından qaynaqlanır və bu virusa qarşı hələlik təsdiqlənmiş peyvənd və ya müalicə üsulu mövcud deyil.
