Biləsuvar rayonunda 1999-cu il təvəllüdlü Emin qısqanclıq zəminində həyat yoldaşı Ləmanı (adlar şərti verilib – red.) qətlə yetirib.
Referans.azTeleqraf-a istinadən xəbər verir ki, Emin arvadı Ləmanın başqasıyla sevgi münasibətində olmasını aşkar edib, bu halı şəxsi və ailə ləyaqətinə toxunan hərəkət kimi qiymətləndirib.
O, Ləmanı öldürmək qərarına gəlib.
26 mart 2024-cü ildə saat 14 radələrində Biləsuvar rayonunun kəndində tikintisi tamamlanmamış fərdi yaşayış evində quraşdırılmış təzə qapılara baxmaq və təmizlik işləri görmək adı ilə həmin tikiliyə dəvət edib.
Daha sonra paltarını dəyişməyi bəhanə edib, giriş qapısının üzərində saxladığı bıçağı götürərək belində gizlədib. Qonaq otağında pəncərəyə baxan Ləmanın kürəyinə zərbələr endirib. O, bıçağın tiyəsinin Ləmanın kürək nahiyəsində qırılaraq qaldığını və qaçmaq istədiyini görüb.
Arvadını yerə yıxaraq bıçağın qırılmış dəstəyi ilə başına, üzünə nizamsız zərbələr endirib. Sonra döşəmədən taxta parçasını götürərək qadının üzünə və başına zərbələr vurub. Bununla da kifayətlənməyib, Ləmanın müqavimətini tam qırmaqdan ötrü döşəmədən metal çubuğu götürüb və onun döş qəfəsinə zərbə endirib.
Ləman aldığı zərbələr nəticəsində ölüb.
“Gecə Ləmanın telefonuna baxdım”
İstintaq orqanı tərəfindən Eminin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, martın 18-də Novruz bayramını keçirmək məqsədilə Bakı şəhərindən Biləsuvar rayonuna gedib:
“Mən evə çatanda ailə üzvlərimin hamısı yatmışdı. Həyat yoldaşım Ləmanın telefonuna baxdım, başqa şəxslə yazışmasını gördüm. Onu oyatdım, səsimizə evdəkilər də oyandılar. Valideynlərim mənə hər şeyi qanun çərçivəsində həll etməyi məsləhət gördülər.
Ləmanın atası Musaya zəng etdim, qızının mənə xəyanət etdiyini söylədim, gəlib onu aparmasını istədim Musa gəlmədiyinə görə Ləmanı atası evinə özüm apardım”.
“Sübut kimi lazım olacağını düşündüm”
Təqsirləndirilən şəxs qeyd edib ki, Ləmanın ögey anasına və bibisinə onun başqası ilə yazışmalarını göstərib, arvadının onu biabır etdiyini bildirib:
“Sübut kimi lazım olacağını düşünüb, həmin anların videoçəkilişini də apardım. Həmin vaxt Ləmanı öldürmək istəsəm də, uşaqlarıma görə fikrimdən daşındım. Ləmanı boşanmağa razı salmaq üçün yeni tikdirdiyim evə apardım. O mənə boşandığımız təqdirdə uşaqların özündə qalacağını bildirdi. Bundan əlavə məni təhqir etdi, bundan da pis hərəkətlər edəcəyini dedi.
Gözüm bıçağa sataşdı, onu bıçaqla vurdum. Zərbə vurduqda bıçaq sınaraq Ləmanın bədənində qaldı. Bundan sonra onu öldürmək haqqında fikirləşdim.
Onu xüsusi amansızlıqla öldürmək niyyətim olmayıb. Öldüyünə əmin olmaq üçün çoxsaylı zərbələr vurmuşam, axırda boğazından asmışam. Sonra polis şöbəsinə gedərək könüllü təslim olmuşam”.
“Tez ölməsi üçün harasına gəldi, zərbələr vurdum”
Təqsirləndirilən şəxs bildirib ki, Ləmanı atasıgilin evində boşanmağa razı sala bilmədiyi üçün tikdirdikləri evə onu razı salmaq məqsədilə aparıb:
“Ləman məni təhqir etdiyi üçün əlimə nə keçsə onunla vurmağa başladım. Çoxsaylı xəsarətlər yetirməkdə məqsədim onu susdurmaq idi. Ləmanı evə apararkən onu öldürmək niyyətim yox idi.
Ləman uşaqları və evi məndən alacağını bildirdi. Bu səbəbdən onu öldürmək qərarına gəldim. Tez ölməsinə nail olmaq üçün harasına gəldi, zərbələr vurdum”.
“Dedi ki, anamdan üzr istəməlidir”
İş üzrə zərərçəkmiş Ləmanın hüquqi varisi qismində çıxış edən atası Musanın sözlərinə görə, martın 18-də qızının əri Emin ona zəng edib və qızının telefonla kiminləsə danışdığını bildirib:
“Bir müddət sonra Emin özü Ləmanı evə gətirdi. Martın 20-də Emin özü də bizə gəldi, ayın 25-nə qədər gəlib-getdi. Mənə dedi ki, Ləman onun anasından üzr istəməlidir. Ləman üzr istəməyə gedəndə onu evdən qovdular.
Martın 26-da mənə zəng gəldi və dedilər ki, Emin Ləmanı öldürüb. Bundan sonra hadisə baş verən yerə getdim və polis əməkdaşlarının orada olduğunu gördüm”.
Musa bildirib ki, Eminlə qızı 2019-cu ildən evli olublar: “Eminin qızımı öldürə biləcəyindən şübhələnməmişəm. O bizə əvvəl boşanmaq istədiyini, sonra isə Ləman onun anasından üzr istəsə barışacağını dedi.
Emin Ləmanı Aqil adlı şəxslə əlaqə saxlamasına görə öldürdüyünü dedi. Mən həmin şəxsi tanımıram. Qızımın ikinci nömrəsi olmayıb”.
“Münasibətlərimiz olmayıb”
Cinayət işi üzrə Ləmanın sevgi münasibətində olduğu Aqilin də ifadəsi alınıb. O, ifadəsində göstərib ki, Ləmanı real tanımayıb: “Onunla “Tik tok” sosial şəbəkəsində tanış olduq. Başqa münasibətlərimiz olmayıb. Həmin vaxtlar hüquq-mühafizə orqanlarında işləyirdim. Kənddə Ləmanla görüşməmişik. Telefonundakı nömrə mənim adıma idi”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Emin 17 il 6 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi təqsirləndirilən şəxsin barəsində çıxarılmış hökmün ləğv edilməsini, onun əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən də apellyasiya şikayəti verilib. O, qızının qatilinə ömürlük cəza təyin olunmasını istəyib.
Hər iki şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Şikayətləri araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, şikayətlərin heç biri təmin olunmayıb