Son günlər Günəşdə ardıcıl olaraq dörd güclü günəş partlayışı qeydə alınıb. NOAA-nın Kosmik Hava Proqnozu Mərkəzi bu partlayışların yaxın günlərdə Yerə təsir göstərə biləcəyini açıqlayıb.
Partlayışlar 1 fevralda X1.0 və X8.1, 2 fevralda isə X2.8 və X1.6 gücündə baş verib. X8.1 səviyyəli partlayış 2024-cü ilin oktyabrından bəri qeydə alınan ən güclü hadisə olmaqla yanaşı, tarixdə ən güclü 19-cu günəş partlayışı kimi siyahıya düşüb.
Mütəxəssislər bildirir ki, bu aktivlik Yerə yönəlmiş Koronal Kütlə Atımlarına səbəb ola bilər. Nəticədə qütb işıqları müşahidə oluna, eyni zamanda peyk, rabitə və enerji sistemlərində texniki pozuntular yarana bilər.
