Hörmüz böhranı böyüyür: Çin ABŞ-yə açıq xəbərdarlıq etdi

ABŞ-ın Hörmüz Boğazında başlatdığı dəniz bloku beynəlxalq gərginliyi artırıb. Bölgədə bütün gəmi hərəkətinin nəzarət altına alınması yeni diplomatik qarşıdurmalara səbəb olub. 

Referans Media xəbər verir ki, ABŞ qüvvələri İran sahilləri və Hörmüz Boğazına daxil olan bütün gəmiləri yoxlamağa başlayıb. Bu addım regionda təhlükəsizlik və iqtisadi riskləri daha da artırıb.

Hadisələr fonunda Çin ABŞ-ın qərarına sərt reaksiya verib. Pekin rəhbərliyi İran ilə mövcud ticarət razılaşmalarını xatırladaraq Vaşinqtona “daxili işlərə qarışmayın” mesajı göndərib.

Çin tərəfi ABŞ-ın bölgədəki hərbi və iqtisadi addımlarının beynəlxalq ticarətə zərər verə biləcəyini bildirib və mövcud vəziyyəti qəbul etmədiyini vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp isə açıqlamasında İranın hərbi dəniz fəaliyyətinə dair sərt mesajlar verib. O, blokadaya yaxınlaşan istənilən gəmiyə qarşı “sürətli və sərt cavab veriləcəyini” bildirib.

Vaşinqton administrasiyası Hörmüz Boğazında təhlükəsizliyin təmin olunmasının prioritet olduğunu və bölgədəki hərəkətliliyin ciddi nəzarət altında saxlanacağını qeyd edir.

Digər tərəfdən, Tehran rəhbərliyi ABŞ-ın qərarını real təhlükədən çox “siyasi təzyiq və blöf” kimi qiymətləndirir. İran rəsmiləri ölkənin bütün imkanlarını hələ tam istifadə etmədiyini bildirir. Həmçinin bəzi analitiklər İranın mümkün cavab addımı kimi digər strateji boğazlarda hərəkətliliyi artırmasının gündəmə gələ biləcəyini istisna etmir.

Hörmüz Boğazı ətrafında yaranan vəziyyət qlobal enerji və ticarət bazarlarında da narahatlıq yaradıb. Ekspertlər bildirir ki, bölgədə hər hansı eskalasiya dünya neft qiymətlərinə birbaşa təsir edə bilər. Hazırda beynəlxalq ictimaiyyət tərəfləri dialoqa çağırır, lakin bölgədə gərginliyin yaxın günlərdə daha da artacağı ehtimalı qalır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki