Hubble-dan 1000 dəfə sürətli: NASA-nın yeni teleskopu kainatın sirlərini açacaq

NASA-nın yeni nəsil kosmik teleskopu – Nancy Grace Roman Space Telescope buraxılışa hazırlaşır. Təxminən 4,3 milyard dollarlıq layihə çərçivəsində hazırlanan teleskopun avqustun 30-da kosmosa göndərilməsi planlaşdırılır.

Teleskop Yer kürəsindən təxminən 1,6 milyon kilometr uzaqlıqda yerləşən L2 nöqtəsində fəaliyyət göstərəcək və yüz milyonlarla ulduz, milyardlarla qalaktikanı müşahidə edərək kainatın xəritəsini çıxaracaq.

NASA bu teleskop vasitəsilə qaranlıq maddə və qaranlıq enerjinin sirlərini araşdırmağı, həmçinin Günəş sistemindən kənarda minlərlə yeni planet aşkar etməyi hədəfləyir.

Roman teleskopu səmanı Hubble Space Telescope-dan 1000 dəfə daha sürətli skan edə biləcək. Alimlərin sözlərinə görə, Romanın bir aylıq müşahidəsi Hubble-ın təxminən 100 illik işinə bərabərdir.

Teleskop kosmosa Falcon Heavy raketi ilə göndəriləcək və fəaliyyətə başladıqdan sonra James Webb Space Telescope və Hubble ilə birgə çalışacaq.

Əgər hər şey plana uyğun getsə, teleskopun ilk görüntülərinin bu ilin sonlarında paylaşılması gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki