İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda

Məcburi köçkün statusunun verilməsi qaydalarında dəyişiklik edilir. Yeni qaydalara əsasən, işğaldan əvvəl işğal olunmuş rayonun sakini ilə ailə quran kişilər də müəyyən şərtlərlə məcburi köçkün statusu və vəsiqəsi ala biləcəklər. Beləliklə, indiyədək yalnız qadınlara şamil edilən bu hüquq kişilərə də tanınacaq.

Bu dəyişikliyin qəbul edilməsi hansı üstünlükləri vəd edir? İndiyədək bu hüququn yalnız qadınlara şamil edilməsi hansı hüquqi bərabərsizlik yaradırdı?

Referans Media xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, bu hüquqdan istifadə edib-etməmək hər bir vətəndaşın öz seçimi olacaq:

“Həmin dəyişiklik hüquqi dövlət prinsipləri və gender bərabərliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir. Burada qadın və kişilərin hüquqlarının bərabər şəkildə qorunması əsas götürülür. Nəzərə alaq ki, məcburi köçkün statusu insanlara müəyyən üstünlüklər verir. Məcburi köçkünlər ərazilərimizin uzun illər işğal altında olduğu dövrdə ciddi məhrumiyyətlərlə üzləşiblər. Dövlətin bu insanlara müvafiq qurumlar vasitəsilə həssas yanaşması daim diqqətdə saxlanılıb. Bu baxımdan, məcburi köçkün statusundan irəli gələn hüquq və üstünlüklərdən istifadə edə biləcək şəxslərin dairəsinin genişləndirilməsi, məcburi köçkün qadınlarla ailə quran kişilərin də həmin kateqoriyaya daxil edilməsi dövlətin bərabərhüquqlu yanaşmasını göstərir”.

Hüquqşünas bildirib ki, yeni status əldə edəcək kişilərə də Azərbaycan qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulan üstünlüklər eyni qaydada şamil olunacaq:

“Ümumilikdə, bu addım müsbət qarşılanacaq. Eyni zamanda, dəyişikliyin praktikada necə tətbiq olunacağını da görəcəyik. Qeyd edim ki, bununla bağlı qanunvericiliyə ediləcək dəyişiklik digər aidiyyəti qanunvericilik aktlarına da müvafiq düzəlişlərin edilməsini zəruri edəcək”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki