Azərbaycanda əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı tətbiq ediləcək yeni qaydalar pensiyaçılar arasında fərqli artımlara səbəb olacaq. İlkin məlumata görə, pensiyaçıların böyük əksəriyyətinin təqaüdündə təxminən 10 faiz artım nəzərdə tutulduğu halda, daha yüksək pensiya alanlara nisbətən az artım tətbiq ediləcək.
Referans Media-ya açıqlama verən iqtisadçı Natiq Cəfərli yeni qaydaların mahiyyətini izah edərək bildirib ki, dəyişiklik əsasən pensiyaların artım faizinin diferensiallaşdırılmasından ibarətdir.
Ekspertin sözlərinə görə, pensiyaçıların təxminən 90 faizinin aldığı pensiya 1180 manatdan aşağıdır və yeni qaydalar məhz bu kateqoriyaya daha yüksək artım imkanı yaradır:
"Pensiyaçıların təxminən 90 faizi 1180 manatdan aşağı təqaüd alır. Yeni qaydalara əsasən, həmin şəxslərin pensiyalarında təxminən 10 faiz civarında artım olacaq".
Natiq Cəfərli qeyd edib ki, 1180 manatdan yüksək pensiya alanlar üçün artım faizi daha aşağı nəzərdə tutulur:
"Kim 1180 manatdan yuxarı pensiya alırsa, onların təqaüdləri 10 faiz deyil, daha az artacaq. Təxminən 5 faiz civarında artım olacaq. Əsas dəyişiklik bundan ibarətdir".
Beləliklə, yeni yanaşma nəticəsində pensiyaların artımı vahid faizlə deyil, mövcud pensiya məbləğindən asılı olaraq fərqlənəcək. Bu isə daha aşağı pensiya alanların daha yüksək faizlə artım əldə etməsi, yüksək pensiya alanların isə nisbətən az artımla kifayətlənməsi deməkdir.
Sima Babayeva
