Bayram günlərində çətirlərinizi hazırlayın: Güclü yağıntı gözlənilir

8-9 noyabr – Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günlərində paytaxtda və bölgələrdə hava şəraitinin necə olacağı maraq doğurur. Xüsusilə bayram günlərində açıq havada tədbirlərdə iştirak etməyi və istirahət etməyi planlaşdıran vətəndaşların yağış və külək ehtimalını nəzərə almaları tövsiyə olunur.

Referans Media-ya açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, payız fəslinə uyğun olaraq hava şəraiti tədricən nisbətən isti günlərdən sərin günlərə keçir. Noyabr ayı da payızın ən sərin aylarından biri hesab olunur.

Onun sözlərinə görə, qarşıdakı günlərdə ölkə ərazisində havanın sərin və yağıntılı keçəcəyi əvvəlcədən proqnozlaşdırılıb. Hazırda da hava şəraiti verilən proqnozlara uyğun davam edir. Külək əsasən Bakının bir sıra sahilyanı ərazilərində müşahidə oluna bilər. Ümumilikdə isə ölkə ərazisində küləksiz, yağıntılı hava şəraiti gözlənilir.

Ekoloq qeyd edib ki, yağıntının çox olacağı gözlənilir. Buna görə də vətəndaşlar küçəyə çıxarkən hazırlıqlı olmalı, yağışdan, islanmaqdan və soyuqdan qorunmaq üçün mövsümə uyğun geyinməlidirlər.

Qorxmaz İbrahimli açıq havada tədbir planlaşdıranlara da tövsiyələrini verib. O bildirib ki, bayram günlərində açıq havada keçiriləcək tədbirlərin, konsertlərin və görüşlərin yağışlı hava şəraiti səbəbindən təşkili məqsədəuyğun deyil. Onun fikrincə, bu cür tədbirlərin qapalı məkanlarda keçirilməsi daha doğru olar.

Bununla belə, ekoloq qeyd edib ki, yağışdan və soyuqdan çəkinməyən, müvafiq şəraiti olan şəxslər açıq havada konsert və ya toplantı keçirməkdə sərbəstdirlər. Təbii şərait baxımından isə belə tədbirlərin keçirilməsi məqsədəuyğun hesab edilmir.

Sonda Qorxmaz İbrahimli vətəndaşlara soyuqdan qorunmağı tövsiyə edib. O əlavə edib ki, yağışlardan sonra Azərbaycan iqliminə uyğun olaraq mülayim hava şəraitinin davam edəcəyi gözlənilir.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki