Azərbaycanda əmlakını kirayəyə verən fiziki şəxslərin vergiyə cəlb olunması mexanizminin dəyişdirilməsi təklif edilir. Yeni qaydalara əsasən, vergi uçotunda olan fiziki şəxslər icarə gəlirinin əldə olunması ilə bağlı çəkdikləri xərcləri ümumi gəlirdən çıxmaq, vergini isə qalan məbləğə ödəmək imkanı əldə edə bilərlər. Bu dəyişiklik xüsusilə mənzilini kirayəyə verən və əmlakın saxlanılması, təmiri və idarə olunması üçün xərc çəkən şəxslər üçün əhəmiyyətli ola bilər.
Məsələni Referans Media-ya şərh edən əmlak eksperti Elnur Azadov bildirib ki, təklifin mənzil sahibləri üçün real üstünlük yaratması onların çəkdikləri xərcləri rəsmi şəkildə sənədləşdirə bilməsindən asılı olacaq.
Əmlak sahibləri hansı xərcləri gəlirdən çıxa biləcəklər?
Ekspertin sözlərinə görə, daşınmaz əmlakın idarə olunması ilə bağlı xərclərin, xüsusilə əsaslı təmir və avadanlıq alışına yönələn vəsaitlərin nəzərə alınması mənzil sahibləri üçün əlverişli ola bilər:
“Belə bir təklif hazırlanıb. Nəzərə alsaq ki, bu cür xərclərin rəsmi göstərilməsi daşınmaz əmlaka yönəlmiş vəsaitlərlə bağlıdır, bunlar adətən çox olmur. Ümumiyyətlə, ölkədə bu kateqoriyaya aid olan istifadəçilərin, əmlakçıların və əmlak sahiblərinin sayı da çox deyil.
Daşınmaz əmlakın idarəetmə xərclərinə əsaslı təmir, avadanlıqların alınması və digər əsaslı məsrəflər daxil edilərsə, bu xərclərin həcmi kifayət qədər yüksək ola bilər. İnanıram ki, belə olan halda həmin şəxslər üçün yeni mexanizm əlverişli olacaq”.
Rəsmi sənədləşmə əsas şərt olacaq
Elnur Azadov qeyd edib ki, mənzil sahibləri çəkdikləri xərcləri rəsmi şəkildə təsdiqləyə bilməsələr, təklifin onlara verəcəyi üstünlük də məhdud olacaq:
“Əgər vətəndaşlar əsaslı təmir və digər bu kimi xərcləri rəsmi şəkildə göstərə bilməyəcəklərsə, sözsüz ki, bu mexanizmdən faydalananların sayı da çox az olacaq”.
Yeni mexanizm kirayə bazarına necə təsir edəcək?
Beləliklə, təklif olunan dəyişiklikdən faydalanmaq üçün təkcə əmlakın saxlanılması və təmirinə xərc çəkmək kifayət etməyəcək. Həmin məsrəflərin qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilməsi də vacib olacaq. Bu baxımdan yeni mexanizmin mənzil sahibləri üçün nə dərəcədə sərfəli olacağı onun tətbiq qaydalarından və hansı xərclərin gəlirdən çıxılmasına icazə veriləcəyindən asılı olacaq.
Sima Babayeva
