Hərbi xidmətə çağırılanların kreditləri ilə bağlı VACİB XƏBƏRDARLIQ

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların bank qarşısında mövcud kredit öhdəliklərinin necə tənzimlənməsi məsələsi maraq doğurur. Xüsusilə xidmət müddətində gəlir imkanları məhdudlaşan şəxslərin kredit ödənişlərini davam etdirib-etdirməməsi və ailə üzvlərinin borca görə məsuliyyət daşıyıb-daşımaması ilə bağlı suallar yaranır.

Referans Media-ya açıqlama verən hüquqşünas Ümid Hüseynov bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, vətəndaşın müddətli həqiqi hərbi xidmətə çağırılması onun bank qarşısında mövcud kredit öhdəliklərinə xitam verilməsi və ya ödənişlərin dayandırılması üçün hüquqi əsas hesab edilmir.

Bu baxımdan, borcalan hərbi xidmət müddətində də kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməlidir və müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, kredit üzrə faizlərin hesablanması davam edir.

Bununla belə, hərbi xidmətə çağırılması ilə əlaqədar borcalanın gəlirlərinin azalması və ödəniş imkanlarının məhdudlaşması nəzərə alınaraq, onun banka müraciət etməklə kreditin restrukturizasiyasını, ödəniş müddətinin uzadılmasını, aylıq ödənişlərin azaldılmasını və ya müəyyən müddətə möhlət verilməsini xahiş etməsi mümkündür.

Lakin bu güzəştlərin tətbiqi bankın razılığından asılıdır və hərbi xidmətə çağırılma bankın kredit ödənişlərini və ya faizlərin hesablanmasını məcburi qaydada dayandırması öhdəliyini yaratmır.

Hüquqşünas ailə üzvlərinin məsuliyyəti məsələsinə də aydınlıq gətirib. O bildirib ki, yalnız qohumluq münasibətinin mövcud olması onların borcalanın kredit öhdəliklərinə görə məsuliyyət daşıması üçün əsas yaratmır.

Mülki Məcəllənin 470 və 472-ci maddələrinə əsasən, ailə üzvü kredit müqaviləsi üzrə zamin olduqda, yaxud birgə borcalan kimi öhdəlik götürdükdə onun da məsuliyyəti yarana bilər.

Bundan əlavə, Ailə Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, ər-arvaddan birinin götürdüyü kreditin ailə ehtiyacları üçün istifadə edildiyi məhkəmə tərəfindən müəyyən olunarsa, həmin borc üzrə ər-arvadın ümumi əmlakına tutma yönəldilə bilər.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki