Kəlbəcər şəhərinin yeni görüntüləri

Azad Kəlbəcər şəhərindən yayılan ən son videogörüntülər diqqət çəkir. Referans Media xəbər verir ki, Kəlbəcər bu gün genişmiqyaslı quruculuq və abadlıq işləri sayəsində yeni görkəm alır. Vaxtilə erməni işğalı nəticəsində dağıdılmış şəhər yenidən qurulur, müasir memarlıq üslubunda inşa edilən binalar Kəlbəcərin mənzərəsinə xüsusi gözəllik qatır.

Şəhərdə aparılan tikinti-quruculuq işləri sürətlə davam edir. Yeni yaşayış binaları, müasir infrastruktur və abadlaşdırılan küçələr Kəlbəcərin gələcək simasını formalaşdırır. Xüsusilə memarlıq həllərində müasirliklə milli və yerli üslubun uzlaşdırılması şəhərin özünəməxsus görünüşünü daha da zənginləşdirir.

Kəlbəcər onsuz da Azərbaycanın ən füsunkar təbiətə malik bölgələrindən biridir. Əzəmətli dağlar, yaşıl meşələr, saf bulaqlar və bənzərsiz təbiət mənzərələri ilə seçilən şəhərdə yeni tikililər bu gözəlliyə əlavə rəng qatır. Təbiətlə müasir memarlığın vəhdəti Kəlbəcərə xüsusi bir yaraşıq verir.

Bu görüntülər yalnız tikinti və abadlıq mənzərəsini əks etdirmir. Onlar həm də uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların arzularının gerçəkləşməsinin, həyatın yenidən canlanmasının təzahürüdür.
Kəlbəcər artıq təkcə azad edilmiş şəhər deyil, yenidən qurulan, gələcəyə doğru addımlayan və öz gözəlliyini bərpa edən doğma yurddur. Şəhərin hər yeni binası, hər abadlaşan küçəsi Böyük Qayıdışın növbəti səhifəsini yazır./Musavat.com

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki