İran nüvə zərbəsinə məruz qalsa, radioaktiv bulud Bakıya çata bilər - 48 saatlıq təhlükə...

ABŞ və İsrailin İranla müharibəsi fonunda nüvə silahından istifadə ehtimalı region üçün ən qorxulu ssenarilərdən birini gündəmə gətirir. Cənub qonşumuzun nüvə proqramının əsas mərkəzlərindən sayılan İsfahanın atom zərbəsinə məruz qalması təkcə bu ölkə üçün deyil, qonşu dövlətlər, o cümlədən Azərbaycan üçün də ciddi təhlükələr yarada bilər.

Belə bir partlayışın radioaktiv nəticələri hava axınları vasitəsilə Bakıya qədər çata bilərmi? Bununla yanaşı, müharibənin genişlənməsi Azərbaycanın sərhəd təhlükəsizliyi, enerji marşrutları və regional mövqeyinə hansı riskləri gətirir?

Tehran nüvə zərbəsi ilə üzləşəcəyi təqdirdə cavab tədbirlərinin coğrafiyasını genişləndirəcəyi barədə xəbərdarlıqlar səsləndirir.

Azərbaycan mümkün nüvə fəlakətinə və müharibənin sərhədlərimizə yaxınlaşması ehtimalına nə dərəcədə hazırdır?

SEXAVET.jpg (111 KB)

Referans Media xəbər verir ki, mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmməd Musavat.com-a bildirib ki, əvvəllər Rusiya daha çox nüvə silahı ilə təhdid yaradırdısa və bunu tez-tez səsləndirirdisə, artıq ABŞ də nüvə silahından istifadə edəcəyini bildirir:

“Bunun səbəbi isə 2 dalğada İrana edilən hücum və bu hücumların heç bir nəticə verməməsidir. İran ətrafında hərbi gərginliyin nüvə ssenarisi səviyyəsinə yüksəlməsi Yaxın Şərq və Cənubi Qafqazın təhlükəsizlik arxitekturası üçün ən kritik risk faktorlarından birini gündəmə gətirir. İsfahanın atom zərbəsinə məruz qalması hərbi və ekoloji nəticələri baxımından təkcə İranla məhdudlaşmayaraq, bilavasitə Azərbaycana və geniş regiona təsir göstərə biləcək zəncirvari böhranlar yaratmaq potensialına malikdir. Bakı ilə İsfahan arasında təxminən 950–1000 kilometrlik məsafənin olması radioaktiv təhlükəni aradan qaldırmır. Partlayışın torpaqüstü xarakteri daşıması halında atmosferin yuxarı qatlarına böyük həcmdə radioaktiv toz və torpaq zərrəcikləri qalxacaq. Bu hissəciklərin hərəkət istiqaməti meteoroloji şəraitdən asılı olsa da, xüsusilə cənub və cənub-qərb hava axınlarının aktivləşdiyi mövsümlərdə radioaktiv buludun 24-48 saat ərzində Xəzər hövzəsinə və Bakıya qədər çatması, bununla da ölkənin cənub zonasında və paytaxtda radiasiya fonunu yüksəltməsi tamamilə real ssenaridir. Bundan əlavə, İsfahandakı uranın zənginləşdirilməsi və konversiyası mərkəzlərinin dağılması ətrafa ağır toksik maddələrin yayılması ilə nəticələnərək regional ekoloji fəlakəti daha da dərinləşdirə bilər”.

Hərbi ekspert hesab edir ki, müharibənin miqyasının genişlənməsi Azərbaycanın sərhəd təhlükəsizliyi və iqtisadi marşrutları üçün də ciddi risklər doğurur:

“İranda yaşanacaq mümkün xaos və radiasiya qorxusu milyonlarla insanın, o cümlədən Cənubi Azərbaycandakı soydaşlarımızın şimal istiqamətinə üz tutmasına və ölkəmiz üçün ağır humanitar, logistik təzyiqin yaranmasına səbəb ola bilər. 750 kilometrdən çox uzanan sərhəd xəttində nəzarətsizlik riskinin artması və Xəzər dənizindəki enerjiyə yönəlik milli infrastrukturun hədəfə gəlməsi ehtimalı regional sabitliyi sarsıda bilər. Eyni zamanda Naxçıvanın İran üzərindən təmin edilən kommunikasiya xətlərinin kəsilməsi iqtisadi və strateji baxımdan əlavə gərginlik ocaqları yaradır. Tehranın cavab zərbələrinin coğrafiyasını genişləndirəcəyi barədə xəbərdarlıqları fonunda Azərbaycanın hazırlıq səviyyəsi həm hərbi-diplomatik, həm də mülki müdafiə müstəvisində böyük əhəmiyyət kəsb edir. Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasət və öz ərazisindən üçüncü ölkələrə qarşı istifadəyə icazə verməmək haqqındakı prinsipial mövqeyi ölkəni birbaşa hərbi cavab zərbələrinin hədəfi olmaqdan qoruyan əsas diplomatik qalxandır. Hərbi baxımdan cənub sərhədlərinin mühafizəsi və hava hücumundan müdafiə sistemlərinin (HHM) hazır vəziyyətə gətirilməsi imkanları yüksəkdir. Nüvə fəlakəti baş verəcəyi təqdirdə mülki əhalinin sığınacaqlarla təminatı və radiasiya təhlükəsizliyi üzrə maarifləndirmə mexanizmlərinin kütləvi böhran şəraitinə uyğunlaşdırılması ən həssas və davamlı gücləndirilməli olan məsələdir”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki