Son illər Azərbaycanda, xüsusilə Bakıda daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunur. Mənzillərin həm satış, həm də kirayə qiymətlərinin yüksəlməsi əhalinin mənzilə əlçatanlığı məsələsini yenidən gündəmə gətirir. Tələb-təklif balansı, tikinti xərcləri, əhalinin Bakıya axını və digər iqtisadi amillər qiymət artımına təsir göstərən əsas səbəblər sırasındadır. Bəs yaxın dövrdə kirayə mənzillərin qiymətində ucuzlaşma gözlənilirmi?
Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, son 5 ildə Azərbaycanda daşınmaz əmlak bazarının kirayə mənzil seqmentində qiymət artımı baş verir. Bu artım müəyyən dövrlərdə mövsümi xarakter daşıyır.
Onun sözlərinə görə, hər il ali məktəblərə qəbul olunan abituriyentlərin əksəriyyəti Bakı şəhərində təhsil aldığı üçün avqust və sentyabr aylarında paytaxtın kirayə mənzil bazarına müraciətlər artır. Bu da qiymətlərin yüksəlməsinə səbəb olur.
Vüqar Oruc qeyd edib ki, eyni zamanda, ölkənin iqtisadi inkişafı, investorların axını, həmçinin regionlardan işləmək məqsədilə Bakıya gələn əhalinin kirayə mənzil bazarına müraciət etməsi də qiymət artımına təsir göstərir.
AQC sədri əlavə edib ki, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər də kirayə qiymətlərinə təsirsiz ötüşmür. Belə ki, əvvəllər mənzilini 500 manata kirayə verən ev sahibi indi öz ərzaq, qeyri-ərzaq və digər ehtiyaclarını ödəmək imkanını nəzərə alaraq, həmin mənzili 700 manata kirayə verməyi düşünür. İqtisadçı bu vəziyyətin iqtisadi səbəblərlə bağlı olduğunu və tələb-təklif mütənasibliyinə uyğun olaraq qiymət artımının davam etdiyini bildirib.
Onun sözlərinə görə, Bakı şəhərinin 2040-cı il Baş planı əsasında bir sıra rayonlarda qəzalı və istismar müddətini başa vurmuş binaların söküntüsü həyata keçirilir. Həmin binalarda yaşayan və mülkiyyət hüququndan imtina edərək söküntüyə razılıq verən vətəndaşlara kompensasiya təqdim olunduğu halda, yeni binanın tikintisi müddətində kirayə haqqı da ödənilir. Bu vətəndaşlar tikinti başa çatanadək Bakının müxtəlif ərazilərində kirayə mənzil bazarına müraciət edirlər. Vüqar Oruc bu amilin də kirayə qiymətlərini artıran ciddi səbəblərdən biri olduğunu vurğulayıb.
İqtisadçı mənzillərin satış və kirayə qiymətləri arasında funksional əlaqənin olduğunu da diqqətə çatdırıb. Onun fikrincə, bazarda mənzillərin satış qiymətləri artdıqda kirayə qiymətləri də yüksəlir. Eyni zamanda, kirayə qiymətlərinin artması daşınmaz əmlakın investisiya cəlbediciliyini artırır və nəticədə satış qiymətlərinin də yüksəlməsinə səbəb olur.
Vüqar Oruc yaxın dövrdə kirayə qiymətlərinin ucuzlaşmasını deyil, artmasını şərtləndirən bir neçə amilin olduğunu bildirib.
O qeyd edib ki, yeni dəyişikliklərə əsasən, vətəndaşlar kirayə gəlirlərindən əvvəlki qaydada 10 faiz deyil, müəyyən xərclər çıxıldıqdan sonra qalan məbləğin 20 faizi həcmində vergi ödəyəcəklər. İqtisadçı bu şərtlərin tətbiqini mütərəqqi hal hesab edərək, vətəndaşlara seçim imkanı yaratdığını bildirib. Bununla yanaşı, həmin dəyişikliklər hökumətin kirayə müqavilələrinin rəsmiləşdirilməsində, kirayə münasibətlərinin hüquqi müstəviyə gətirilməsində və vergidən yayınma hallarının qarşısının alınmasında qərarlı olduğunu göstərir.
Onun sözlərinə görə, kirayə gəlirlərindən vergi ödənilmədiyi halda daşınmaz əmlak bazarının bu seqmentində ciddi təzyiq yaranmır. Lakin vergilərin ödənilməsi ilə əlaqədar qiymətlərin təxminən 10-15 faiz artması ehtimalı var.
AQC sədri digər amil kimi kirayə münasibətlərinə nəzarətin gücləndirilməsini göstərib. O bildirib ki, artıq vətəndaşlar mənzillərini kirayəyə verərkən bunu gizlədə bilməyəcəklər. Çünki sistem vasitəsilə həmin evin sahibləri, orada qeydiyyatda olan sakinlər və hətta yaşayan şəxslər barədə məlumatlar əldə edilə biləcək. Bu da vergi öhdəliklərindən yayınma hallarını çətinləşdirəcək.
Vüqar Oruc üçüncü amil kimi kirayə bazarının biznes sahəsi kimi daha ciddi nəzarətə götürüləcəyini, monitorinqlərin aparılacağını qeyd edib. Onun fikrincə, bu amillər də kirayə qiymətlərinin artacağını göstərir.
İqtisadçı dünya ölkələrində və qonşu dövlətlərdə kirayə qiymətlərinin yüksək olduğunu da vurğulayıb. O bildirib ki, mənzillərin satış qiymətləri ilə kirayə gəlirləri arasındakı nisbəti göstərən əmsal Avropada 7, 8 və 11, inkişaf etməkdə olan ölkələrdə isə 15-16, bəzi bazarlarda 17 səviyyəsindədir. Azərbaycanda bu göstərici 20-dir.
Vüqar Orucun sözlərinə görə, göstəricinin 20 olması kirayə qiymətlərinin satış qiymətləri ilə müqayisədə nisbətən aşağı olduğunu göstərir. Bu isə gələcəkdə kirayə haqlarının daha da bahalaşacağı ehtimalını irəli sürməyə əsas verir.
Gülnaz Abdullazadə
