2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması ilə bağlı ilkin proqnozlar açıqlanıb. Gələn il pensiyaların əhəmiyyətli hissəsinin 7-8 faiz indeksləşdirilməsi, minimum pensiya məbləğinin isə 320 manatdan 350 manata çatdırılması ehtimalı var. Bu dəyişikliklər reallaşarsa, pensiyaçıların aylıq gəlirlərində müəyyən artım müşahidə oluna bilər.
Referans Media-ya açıqlama verən iqtisadçı Rəşad Həsənov 2027-ci ildə pensiyaların indeksləşdirilməsi və minimum pensiya məbləğinin artırılması ehtimallarından danışıb.
İqtisadçı bildirib ki, gələn il pensiyaların artım səviyyəsini proqnozlaşdırmaq üçün artıq müəyyən iqtisadi əsaslar mövcuddur:
"Qanunvericiliyə uyğun olaraq, əmək pensiyalarının indeksləşdirilməsi əvvəlki il ərzində orta aylıq əməkhaqqının artım tempi əsas götürülməklə həyata keçirilir. Bu baxımdan, 2026-cı ilin ilk səkkiz-doqquz ayının nəticələrinə əsasən, orta aylıq əməkhaqqı təxminən 7,2 faiz artıb".
Ekspertin sözlərinə görə, qarşıdakı aylarda orta aylıq əməkhaqqının artımına ciddi təsir göstərəcək amillərin olmayacağı nəzərə alınarsa, 2027-ci ilin əvvəlindən pensiyalarda təxminən 7 faizlik indeksləşdirmə gözlənilə bilər:
"Növbəti aylarda orta aylıq əməkhaqqının artımına ciddi təsir göstərəcək amillərin olmadığını nəzərə alsaq, bu, 2027-ci il yanvarın 1-dən etibarən əmək pensiyalarının təxminən 7 faiz indeksləşdiriləcəyini proqnozlaşdırmağa əsas verir".
Rəşad Həsənov qeyd edib ki, yeni meyarlar nəzərə alınmaqla pensiyaların indeksləşdirilməsi diferensial şərtlərlə həyata keçiriləcək. Bununla belə, pensiyaçıların böyük hissəsi üçün 7-8 faiz civarında artım ehtimalı var:
"Yeni meyarlara uyğun olaraq əmək pensiyalarının indeksləşdirilməsi faizi artıq diferensial şərtlərlə formalaşdırılacaq. Bununla belə, əhalinin əhəmiyyətli hissəsinə münasibətdə təxminən 7-8 faiz ətrafında artımlar gözlənilir. Bu da hər 100 manat pensiyaya 7-8 manat əlavə olunması deməkdir".
İqtisadçı minimum pensiya məbləğinin artırılması ehtimalına da toxunub. Onun fikrincə, 2027-ci ildə minimum pensiyanın təxminən 10 faiz artırılması ilə bağlı qərar qəbul edilə bilər:
"Böyük ehtimalla, minimum pensiya həddinin təxminən 10 faiz artırılması qərarı qəbul oluna bilər. Belə olduğu təqdirdə, hazırda 320 manat məbləğində olan minimum pensiya 350 manata çatdırıla bilər".
Beləliklə, 2027-ci ildə pensiyalarda həm indeksləşdirmə, həm də minimum məbləğin artırılması hesabına dəyişikliklər gözlənilə bilər. Bununla belə, səsləndirilən rəqəmlər iqtisadçının proqnozlarıdır və yekun qərar rəsmi qaydada müəyyənləşdiriləcək.
Sima Babayeva
