Valideynlərin əksəriyyəti bu səbəbi bilmir: Uşaqlar niyə hazırlığa gedir?

Azərbaycanda məktəblilərin repetitor xidmətlərinə müraciət etməsi, hətta ibtidai sinif şagirdlərinin belə əlavə hazırlığa cəlb olunması müzakirə mövzusu olaraq qalır. Bəzi valideynlər bu tendensiyanı dövlət məktəblərində tədrisin keyfiyyəti ilə əlaqələndirsə də, məsələnin digər səbəbləri də var.

Referans Media-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, cəmiyyətdə məktəblərdə təhsilin olmadığı və bu səbəbdən şagirdlərin repetitor yanına getməyə məcbur qaldığı barədə fikirlər mövcuddur. Lakin ekspertin sözlərinə görə, bu yanaşma proses barədə məlumatsızlıqdan irəli gəlir.

O qeyd edib ki, məktəblərdə təhsil var və verilir. Əsas problem isə qəbul imtahanları ilə bağlıdır. Belə ki, qəbul imtahanlarına 6-7 fənnin daxil edilməsi və həmin fənlər üzrə az qala I sinifdən XI sinfə qədər bütün mövzuların imtahan proqramına salınması şagirdlərdə əlavə hazırlığa ehtiyac yaradır. Şagirdlər əvvəl öyrəndikləri bilikləri möhkəmləndirmək, təkrarlamaq və təkmilləşdirmək üçün repetitor xidmətlərinə müraciət edirlər.

Ekspert hesab edir ki, bu səbəbdən qəbul imtahanlarının modeli dəyişdirilməli və fənlərin sayı azaldılmalıdır. İmtahan verən namizədlər üçün seçdikləri təhsil pilləsinə uyğun proqram hazırlanmalıdır.

Onun sözlərinə görə, ali təhsil almaq istəyənlərin qəbul proqramına yalnız icbari təhsildən sonrakı dövrün mövzuları daxil edilməlidir. Orta ixtisas təhsili müəssisələrinə (11 illik baza əsasında) və ya peşə məktəblərinə qəbul olmaq istəyənlər üçün də uyğun proqram tərtib edilməlidir. Eyni zamanda, orta ixtisas təhsili müəssisələrində (9 illik baza əsasında) və ya peşə məktəblərində təhsilini davam etdirmək istəyənlər konkret olaraq IX sinifin tədris proqramını əhatə edən mövzular üzrə qiymətləndirilməlidirlər.

Elçin Əfəndi bildirib ki, IX sinifdə aşağı pillələrdə əldə olunan bilik və bacarıqlar yenidən öyrədilərsə, həmin biliklər əsasında qəbul olmaq da asanlaşar.

Ekspert repetitor xidmətlərinə tələbatın artmasında iqtisadi amillərin də rol oynadığını vurğulayıb. O qeyd edib ki, kapitalizmin yaratdığı mövcud şərait bəzi təhsilverənləri də bazarın tələblərinə uyğun davranmağa yönəldir. Belə ki, bəzi müəllimlər təhsil müəssisələrinin auditoriyalarında deyil, evlərdə və ya müxtəlif obyektlərdə dərs keçməkdə maraqlı olurlar.

Təhsil eksperti ibtidai sinif şagirdlərinin belə hazırlığa cəlb olunmasının səbəblərinə də toxunub. Onun sözlərinə görə, bunun müxtəlif səbəbləri var. Bunlara valideynlər arasında rəqabət və bəhsə-bəhs, valideynlərin mövcud proqramı kifayət qədər anlamaması, fərqli bölmələrə yönləndirmə və bunun yaratdığı reallıq, müasir informasiya texnologiyalarından asılılıq, eləcə də valideynlərin uşaqların məşğul olması ilə özlərinə rahatlıq yaratmaq istəyi daxildir.

Elçin Əfəndi sonda vurğulayıb ki, qəbul imtahanlarının modeli və proqramı mütləq yenilənməlidir. Əks halda, mövcud problemlərdən şikayət etməyin faydası olmayacaq.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki