İngiltərə və Uelsdə təhlükəli hesab olunan it cinsləri ilə bağlı yeni qaydalar hazırlanır. Yeni qanun layihəsinə əsasən, 12 yaşdan kiçik uşaqların XL Bully və digər təhlükəli it cinsləri ilə nəzarətsiz şəkildə tək qalması qadağan ediləcək.
Qərar son illərdə uşaqlara qarşı it hücumlarının artmasından sonra gündəmə gəlib. Ötən il ailəsinə məxsus XL Bully itin hücumu nəticəsində 10 yaşlı qız, başqa bir hadisədə isə 9 aylıq körpə həyatını itirib.
Yeni qaydalara görə, uşaqları təhlükəli itlərlə tək qoyan şəxslər cərimələnə, hətta itləri müsadirə oluna bilər. Qanunun 1 noyabrdan qüvvəyə minməsi nəzərdə tutulur.
Sue Hayman bildirib ki, heç bir uşaq təhlükəli itlə nəzarətsiz qalmamalıdır və əsas məqsəd uşaqların təhlükəsizliyini təmin etməkdir.
Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, təhlükə yalnız müəyyən cinslərlə məhdudlaşmır. Onların fikrincə, cinsindən asılı olmayaraq heç bir itlə azyaşlı uşaqlar tək buraxılmamalıdır.
Qeyd edək ki, Böyük Britaniyada 2024-cü ildə insanlara qarşı 31 mindən çox it hücumu qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə artım deməkdir.
