İran prezidenti qərarı elan etdi: Müharibə bu halda bitəcək

Məsud Pezeşkian İranla ABŞ və İsrail arasında davam edən müharibənin dayandırılması ilə bağlı diqqətçəkən açıqlama verib. İran prezidenti bildirib ki, müharibənin sona çatması yalnız İran xalqının təhlükəsizliyi və maraqlarının təmin olunması şərti ilə mümkün ola bilər.

İranın rəsmi xəbər agentliyinin məlumatına görə, Pezeşkian Nazirlər Kabinetinin iclasında çıxış edərək bildirib ki, müharibənin dayandırılması ilə bağlı veriləcək hər hansı qərar İranın milli maraqlarının qorunmasına bağlıdır.

Prezident vurğulayıb ki, ölkənin ordusunun göstərdiyi müqavimət və xalqın nümayiş etdirdiyi birlik İranın bu çətin mərhələdən çıxmasında mühüm rol oynayıb.

Pezeşkian həmçinin ölkənin müxtəlif şəhərlərində hökumətə dəstək məqsədilə keçirilən aksiyalara da toxunub və bunun əhəmiyyətini qeyd edib.

Referans Media xəbər verir ki, ABŞ və İsrail 28 fevral tarixində İran ərazisinə hərbi hücumlar həyata keçirib. Hücumlar Tehran və Vaşinqton arasında davam edən danışıqlar fonunda baş verib.

Buna cavab olaraq İran regionda ABŞ hərbi bazalarının yerləşdiyi ölkələrdə müəyyən hədəflərə zərbələr endirib. Bu hücumların əsasən Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn ərazilərindəki obyektləri hədəf aldığı bildirilib.

Məlumatlara görə, ABŞ və İsrailin hücumları nəticəsində İranın ali dini lideri Əli Xamenei də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər həlak olub.

İran rəhbərliyinin açıqlamaları göstərir ki, rəsmi Tehran müharibənin bitməsi üçün danışıqlara açıq olsa da, bunun üçün əsas şərt ölkənin təhlükəsizliyi və milli maraqlarının tam təmin olunmasıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki