ABŞ-İsrail ilə İran arasında davam edən müharibə 17-ci gününə daxil olub. Qarşılıqlı hücumların davam etdiyi bir vaxtda tərəflərin açıqlamaları regionda gərginliyi daha da artırır.
Referans Media xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Əli Məhəmməd Naini ABŞ prezidenti Donald Tramp-ın İranın dəniz gücünün məhv edildiyi barədə iddialarına sərt reaksiya verib. O bildirib ki, Hörmüz boğazı tam şəkildə İranın nəzarətindədir.
Naini Vaşinqtona açıq mesaj göndərərək deyib: “Əgər cəsarəti varsa, gəmilərini Fars körfəzinə gətirsin.”
Hörmüz boğazı üzərində iddia
İran rəsmisi bildirib ki, ölkənin dəniz qüvvələri düşmənin dənizdəki hücumlarına cavab vermək üçün hazır vəziyyətdədir. Onun sözlərinə görə, İran Hərbi Dəniz Qüvvələri hava qüvvələri ilə birlikdə həyata keçirilən əməliyyatlarda düşmənin hərbi bazalarını və döyüş gəmilərini hədəfə alıb.
Naini iddia edib ki, ABŞ və İsrailə məxsus bəzi hərbi gəmilər İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlardan sonra bölgədən geri çəkilmək məcburiyyətində qalıb.
İran tərəfi müharibə başlayandan bəri ABŞ və İsrail hədəflərinə təxminən 700 raket və 3600 pilotsuz uçuş aparatı buraxıldığını açıqlayıb. İran rəsmiləri həmçinin bildiriblər ki, istifadə olunan raketlərin bir qismi köhnə nəsildir və ölkənin arsenalında hələ istifadə edilməmiş daha yeni sistemlər mövcuddur.
Bu çərşənbə düşmən üçün ağır olacaq
İran rəsmisi müharibənin bitməsinin yalnız qarşı tərəfin İranın hərbi gücünü qəbul etməsindən asılı olduğunu deyərək belə xəbərdarlıq edib: “Bu çərşənbə düşmən üçün yandırıcı bir çərşənbə olacaq.”
Müharibə necə başladı?
ABŞ-İsrail 28 fevral tarixində Tehran başda olmaqla İranın müxtəlif hərbi və strateji obyektlərinə hücumlar həyata keçirdi. Buna cavab olaraq İran da regiondakı ABŞ bazalarına və İsrail hədəflərinə zərbələr endirdi.
İran rəsmilərinin məlumatına görə, hücumlar nəticəsində ölkədə 1348 nəfər həlak olub, 17 mindən çox insan yaralanıb.
