İranda 200 saatdan çox davam edən demək olar ki, tam internet blokadasından sonra yanvarın 17-də internetə çıxışda qısamüddətli artım qeydə alınıb.
Referans Media xəbər verir ki, bu barədə İran Azadlıq Radiosunun (Radio Farda) NetBlocks şirkətinin məlumatlarına istinadla yaydığı xəbərdə bildirilib.
Məlumata görə, internetə çıxışın bərpası son dərəcə məhdud xarakter daşıyıb və ölkə əhalisinin geniş təbəqələrini əhatə etməyib. NetBlocks-un ölçmələrinə əsasən, internet əlçatanlığı normal səviyyənin cəmi 2 faizinə yüksəlib. Müqayisə üçün qeyd olunur ki, blokada dövründə bu göstərici təxminən 1 faiz idi.
Ekspertlər bu zəif artımı dövlətə məxsus bəzi infrastruktur elementlərinin və ayrı-ayrı şəbəkələrin qismən bərpası ilə əlaqələndirirlər. Lakin vurğulanır ki, adi istifadəçilərin böyük əksəriyyəti üçün internet hələ də faktiki olaraq bağlıdır.
“Radio Farda”-nın məlumatına görə, ölkə daxilində bəzi sosial platformalarda məhdud istifadəçi aktivliyi müşahidə olunub. Bundan əlavə, İrandan messencerlər vasitəsilə qeyri-sabit və qısa müddətli zənglərin həyata keçirildiyi də qeydə alınıb. Bu isə internetin tam deyil, yalnız texniki baxımdan qismən aktivləşdiyini göstərir.
Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə tanınan “Fars” agentliyi hələ yanvarın 14-də yazmışdı ki, İranda internetin bərpası ilə bağlı qərar bir-iki həftə ərzində qəbul oluna bilər. Lakin bir sıra müstəqil ekspertlər bu proqnozlara skeptik yanaşır və hesab edirlər ki, əhali aylarla qlobal internetdən məhrum qala bilər. Hətta bəzi analitiklər internetin tam “milliləşdirilməsi” və xarici şəbəkələrdən uzunmüddətli təcrid ssenarisini də istisna etmirlər.
Hazırda İranda tətbiq olunan internet kəsintisi dünya üzrə ən uzunmüddətli blokadalardan birinə çevrilmək üzrədir. Müddətinə görə bu məhdudiyyət yalnız 2021-ci ildə Sudanda hərbi çevrilişdən sonra tətbiq edilən internet blokadasından geri qalır.
Xatırladaq ki, İranda internetin kəsilməsi ölkə üzrə kütləvi etirazlar, təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi və beynəlxalq ictimaiyyətin artan təzyiqləri fonunda baş verib. Hüquq müdafiəçiləri internetin bloklanmasını ifadə azadlığına, təhlükəsizliyə və vətəndaşların həyatına birbaşa təhdid kimi qiymətləndirir və bu addımın etirazların real miqyasını gizlətməyə xidmət etdiyini bildirirlər.























