Azərbaycanda işləyənlərin sayında azalma qeydə alınıb. Belə ki, martın 1-nə olan məlumata görə, əmək müqaviləsi ilə çalışanların sayı 1 milyon 784 min nəfərə düşüb. Bu isə ilin əvvəlindən 24 min nəfər azalma deməkdir.
Buna səbəb nədir?
Referans Media bildirir ki, globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, iş yerlərinin azalması bir neçə amillə bağlıdır:
“İlk növbədə, bəzi sahələr mövsümi xarakter daşıyır. Məsələn, aqrar və turizm sektorlarında fəaliyyət ilin əvvəlində, xüsusilə birinci rübdə azalır, yay aylarına doğru isə bu sahələrdə aktivlik artır. Digər mühüm səbəb əmək bazarında baş verən dəyişikliklərlə bağlıdır. Son dövrlərdə əmək bazarında azalma tendensiyası müşahidə olunur və qlobal iqtisadi proseslər bu sahəyə birbaşa təsir göstərir. Bu tendensiya Azərbaycanda da özünü göstərir və bəzi hallarda ixtisarlar işçi sayının ciddi şəkildə azalmasına səbəb olur. Dövlət sektorunda aparılan struktur dəyişiklikləri də bu prosesə təsir edir. İdarəetmənin optimallaşdırılması çərçivəsində bir sıra qurumlarda, o cümlədən rayon icra hakimiyyətlərində ştat ixtisarları həyata keçirilir. Bu addımlar, əsasən, dövlət büdcəsi xərclərinin azaldılması və funksional yükü olmayan ştat vahidlərinin ləğvi məqsədi daşıyır. Ümumilikdə, bu ixtisarlar 3000-5000 işçini əhatə edəcək”.
Ekspert bildirib ki, bəzi iri şirkətlər də maliyyə risklərini azaltmaq üçün ixtisarlara üstünlük verirlər:
“Bu istiqamətdə müxtəlif qurumlarda, o cümlədən iri dövlət və özəl şirkətlərdə işçi sayının azaldılması halları müşahidə olunur. İşçi sayının azalmasına təsir edən digər mühüm amil əmək miqrasiyasıdır. Aşağı əməkhaqqı səbəbindən bir çox gənc ölkəni tərk edərək xaricdə işləməyə üstünlük verir. Son dövrlərdə azərbaycanlı mütəxəssislərin, xüsusilə həkimlərin Almaniya kimi ölkələrə üz tutması, eləcə də digər peşə sahiblərinin müxtəlif ölkələrdə fəaliyyət göstərməsi bu tendensiyanı gücləndirir. Qeyri-rəsmi məşğulluq da statistik azalmanı şərtləndirən amillərdəndir. Bəzi şəxslər yüksək vergi və sosial ödənişlər səbəbindən rəsmi fəaliyyətlərini dayandıraraq qeyri-rəsmi işləməyə üstünlük verirlər. Bu zaman fərdi sahibkarlıq fəaliyyəti bağlanır və nəticədə rəsmi statistikada işçi sayının azalması kimi qeydə alınır. Beləliklə, mövsümilik, struktur islahatları, ixtisarlar, əmək miqrasiyası və qeyri-rəsmi məşğulluq işləyənlərin azalmasına təsir göstərir”.























