İsrail donanması Qəzzaya humanitar yardım aparan Qlobal Sumud donanmasına beynəlxalq sularda müdaxilə edib. Hadisə anı kameralara düşüb. Bildirilir ki, bir sıra gəmilərə əl qoyulub və donanmada 31 türk fəal da var. Xarici İşlər Nazirliyi bu müdaxiləni “korsanlıq aktı” kimi qiymətləndirib və vətəndaşlarla bağlı addımların atıldığını açıqlayıb.
Referans Media xəbər verir ki, Qəzzadakı blokadanı yarmaq və bölgəyə humanitar yardım çatdırmaq məqsədilə yola çıxan donanma Aralıq dənizində İsrail hərbi gəmiləri tərəfindən saxlanılıb. Məlumata görə, 58 gəmidən bəzilərinə hərbçilər çıxıb, çoxsaylı gəmilərlə əlaqə kəsilib və onlarla gəmi barədə məlumat almaq mümkün olmayıb.
Hadisənin Krit adası yaxınlığındakı beynəlxalq sularda baş verdiyi bildirilir. İsrail mənbələri isə Qəzzaya yönələn yardım gəmilərinə uzaq məsafədən müdaxiləyə başladıqlarını açıqlayıb.
Donanma nümayəndələri hücum zamanı gəmilərin elektron sistemlərinə müdaxilə edildiyini, sürətli hərbi qayıqların yaxınlaşdığını bildiriblər. Fəalların sözlərinə görə, onlara lazer tuşlanıb, silahlar yönəldilib və güvertədə müəyyən göstərişlər verilib.
Donanmada 39 ölkədən ümumilikdə 345 iştirakçının olduğu qeyd olunur. Onların arasında İspaniya və İtaliyadan çoxsaylı fəalların olduğu, həmçinin 31 türk vətəndaşının da yer aldığı bildirilib.
İsrail hərbçilərinin gəmilərdən birinə çıxması anları canlı yayıma düşüb. Kadrlarda fəalların əllərini qaldırdığı, hərbçilərin isə onlara sərt göstərişlər verdiyi görünür.






















