KREMLİN HİND SEVDASI

Şimal qonşumuz keçmiş SSRİ respublikalarından gələn işçi qüvvələrini hindlərlə əvəz etmək niyyətindədirlər. Bu barədə Rusiya Federasiyası baş nazirinin 1-ci müavini Denis Manturov bəyan edib. O deyib ki, Rusiya Hindistandan qeyri-məhdud sayda miqrant qəbul etməyə hazırdır. Ümumilikdə 5 milyona qədər əcnəbi işçinin dəvət olunması planlaşdırılır. Ölkənin təkcə emal sənayesində ən azı 800 min əlavə insana, ticarətdə 1,5 milyon nəfərə, xidmət və tikinti sektorlarında isə çox sayda işçi qüvvəsinə ehtiyac var.

“Biz qeyri-məhdud sayda hindistanı qəbul etməyə hazırıq. Təkcə istehsal sənayesi üçün ən azı 800 mindən çox insan lazımdır. Bu bir il ərzində baş tutan iş deyil. Uyğunlaşmaq və kimi hansı işəgötürənə yönəltməyi müəyyən etmək üçün vaxt lazımdır”- deyə Manturov əlavə edib.

Çox qəribədir ki, illərdi oturuşmuş insanları, rus dilini bilən, yerli xüsusiyyətləri əzbər bilən azərbaycanlı, qazax, özbək, türkmən, qırğız, tacik, gürcü və s. millətin nümayəndələrini müxtəlif bəhanələrlə ölkədən deportasiya edib incidən Rusiya şovinistləri ucuz işçi qüvvəsi adı ilə Hindistan vətəndaşlarını müxtəlif işlərə cəlb etmək istəyirlər. Həmişə dostluqdan, qardaşlıqdan dəm vuran rəsmi Moskvanın bu məqsədi ilə dedikləri üst-üstə düşmür.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki