Manatın məzənnəsi ilə bağlı SON DƏQİQƏ xəbəri yayıldı: 2027-ci ildə nə baş verəcək?

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı manatın məzənnəsinin 2017-ci ilin aprelindən etibarən stabil qaldığını və Azərbaycanın əlverişli ticarət balansına malik olduğunu bildirib. Dövlət başçısının açıqlaması fonunda manatın qarşıdakı dövrdə məzənnəsinin necə dəyişəcəyi də diqqət mərkəzinə gəlib.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Referans Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir və bu siyasət makroiqtisadi sabitliyin qorunmasına yönəlib.

Onun sözlərinə görə, məzənnə ilə bağlı qərarlar Mərkəzi Bank və hökumətin həyata keçirdiyi siyasət çərçivəsində müəyyənləşdirilir:

“Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir. Bu, bazar iqtisadiyyatı qaydalarına tam uyğun deyil. İnzibati qaydada Mərkəzi Bank və hökumətin bilərəkdən atdığı addımdır ki, makroiqtisadi sabitliyi təmin etmək mümkün olsun”.

İqtisadçı hesab edir ki, yaxın bir-iki il ərzində manatın məzənnəsi ilə bağlı hər hansı ciddi qərarın qəbul edilməsi ehtimalı aşağıdır.

Natiq Cəfərli qeyd edib ki, hazırkı dövrdə inflyasiyanın yüksək olması fonunda məzənnənin dəyişdirilməsi əlavə inflyasiya təzyiqi yarada bilər:

“İndiki inflyasiyanın yüksək olduğu bir dövrdə məzənnə dəyişikliyi inflyasiyanı daha da artıra bilər. Ona görə də prezident doğru olaraq bu istiqamətdə mesaj verdi ki, əhali həm də biznes özünü daha rahat hiss etsin”.

İqtisadçının fikrincə, qarşıdakı ən azı iki il ərzində manatın məzənnəsinin dəyişdirilməsi ehtimalı olduqca aşağıdır. O, bu ehtimalın hətta sıfıra yaxın olduğunu bildirib.

Beləliklə, mövcud iqtisadi siyasət və inflyasiya riskləri fonunda manatın məzənnəsinin yaxın perspektivdə sabit saxlanılması gözlənilir. Bununla belə, məzənnə siyasətinin gələcək istiqaməti ölkənin makroiqtisadi göstəricilərindən, xarici ticarət balansından və iqtisadi siyasət üzrə qəbul ediləcək qərarlardan asılı olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki