Bakının Baş Planına uyğun olaraq paytaxtın müxtəlif ərazilərində söküntü və yenidənqurma işləri aparılır. Bu proses çərçivəsində yeni parkların salınması, avtomobil yollarının və dəmir yolu xətlərinin çəkilməsi də nəzərdə tutulur. Xüsusilə Bakıətrafı kənd və qəsəbələrdə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi həmin ərazilərin şəhər mərkəzi ilə əlaqəsini yaxşılaşdıra və daşınmaz əmlak bazarına ciddi təsir göstərə bilər.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, yeni dəmir yolu xətlərinin çəkilməsi Bakıətrafı ərazilərdə infrastrukturun yaxşılaşmasına, vətəndaşların tıxac probleminin azalmasına və şəhər mərkəzinə daha rahat çıxış imkanlarının yaranmasına səbəb ola bilər.
Ekspertin sözlərinə görə, nəqliyyat infrastrukturunun inkişaf etdiyi ərazilərdə daşınmaz əmlaka tələbatın artması və bunun fonunda qiymətlərin yüksəlməsi mümkündür.
“Bakının Baş Planına uyğun olaraq paytaxtın müxtəlif ərazilərində söküntülər aparılır. Söküntülər zamanı bəzi ərazilərdə yeni parkların salınması, avtomobil yollarının və dəmir yolu xətlərinin çəkilməsi nəzərdə tutulur. Xüsusilə Bakıətrafı ərazilərdə yeni dəmir yolu xətlərinin çəkilməsi ilə bağlı söküntülərə başlanılıb. Bu, həmin ərazilərdə, xüsusən də kənd və qəsəbələrlə şəhər mərkəzi arasında infrastrukturun yaxşılaşmasına, vətəndaşların tıxac problemindən qismən xilas olmasına və məsafələrin daha əlçatan hala gəlməsinə imkan verə bilər”, – deyə Elnur Fərzəliyev qeyd edib.
Onun sözlərinə görə, yeni dəmir yolu xətlərinin istifadəyə verilməsi həmin ərazilərdə daşınmaz əmlaka tələbatı artıra və nəticədə mənzil və torpaq qiymətlərinə təsir göstərə bilər.
Ekspert bildirib ki, paytaxtın mərkəzi ərazilərində aparılan söküntülər nəticəsində evləri sökülən vətəndaşlar əldə etdikləri kompensasiyalar hesabına daha münasib qiymətə Bakıətrafı ərazilərdən mənzil almağa üstünlük verirlər. Lakin nəqliyyat problemləri və tıxaclar həmin ərazilərdə yaşayan insanların iş yerlərinə gedib-gəlməsi üçün daha çox vaxt sərf etməsinə səbəb olur.
“Yeni dəmir yolu xətlərinin paytaxtın bir hissəsini digər hissəsi ilə birbaşa əlaqələndirməsi və həmin ərazilərdən şəhər mərkəzinə daha qısa müddətdə gediş-gəlişi təmin etməsi insanların nəqliyyat problemini əhəmiyyətli dərəcədə azalda bilər. Bu da təbii olaraq dəmir yolu xəttinin çəkiləcəyi ərazilərdə daşınmaz əmlakın həm satış, həm də kirayə qiymətlərinə təsir göstərəcək”, – deyə Elnur Fərzəliyev vurğulayıb.
Ekspertin fikrincə, nəqliyyat əlçatanlığının artması ilə yanaşı, həmin ərazilərdə torpaq sahələrinə də marağın yüksəlməsi mümkündür. Bu isə gələcəkdə torpaqların satış qiymətlərinin artmasına səbəb ola bilər.
Beləliklə, Bakının Baş Planı çərçivəsində həyata keçirilən nəqliyyat və infrastruktur layihələri yalnız şəhərin nəqliyyat sisteminə deyil, paytaxtın ətraf ərazilərində daşınmaz əmlak bazarına da təsir göstərə bilər. Xüsusilə yeni dəmir yolu xətlərinin hansı ərazilərdən keçəcəyi və həmin layihələrin nə vaxt reallaşacağı bu zonalarda mənzil, kirayə və torpaq qiymətlərinin gələcək dinamikasında mühüm amillərdən biri ola bilər.
