Rusiya–Ukrayna müharibəsində enerji infrastrukturu əsas hədəflərdən birinə çevrilib. Ukraynanın Rusiya ərazisindəki neftayırma zavodlarına dron hücumlarını intensivləşdirməsi Moskvanın yanacaq bazarında ciddi problemlər yaradıb. Rusiya neftayırma müəssisələrinin bir hissəsində istehsalın dayandırılması və ya əhəmiyyətli dərəcədə azaldılması ölkə daxilində benzin və dizel çatışmazlığını dərinləşdirib, Moskvanı isə yanacaq ixracına məhdudiyyətlər tətbiq etməyə məcbur edib. IEA-nın məlumatına görə, 2026-cı ilin iyununda Rusiyada neft emalı son 20 ildən artıq dövrün ən aşağı səviyyəsinə düşüb, dizel istehsalı isə əvvəlki illə müqayisədə təxminən 30 faiz azalıb.
Bu proses yalnız Rusiya bazarı ilə məhdudlaşmır. Rusiyanın dünya bazarının mühüm dizel təchizatçılarından biri olması səbəbindən neftayırma güclərinin sıradan çıxması beynəlxalq bazarda da təzyiqi artırır. Qlobal dizel bazarında onsuz da təklif çatışmazlığı yaşanarkən, Rusiya və Yaxın Şərqdən ixracın azalması qiymətlərin rekord həddə yüksəlməsinə səbəb olub.
Rusiyada neftayırma zavodlarına ardıcıl zərbələr ölkənin yanacaq bazarında hansı miqyasda böhran yarada bilər? Mövcud vəziyyəti müvəqqəti çatışmazlıq, yoxsa daha uzunmüddətli problem kimi qiymətləndirmək olar? Rusiyada yaranan yanacaq çatışmazlığının Azərbaycana birbaşa və dolayı təsirləri nələr ola bilər? Azərbaycan daxili bazarında benzin və dizel qiymətləri, yoxsa daha çox logistika və daşınma xərcləri baxımından risk yaradır?
Referans Media xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb.
İqtisadçının fikrincə, proses davam edərsə, Rusiya ixracatçı ölkədən böyük ölçüdə idxalçı ölkəyə çevrilə bilər:
"Rusiyadakı vəziyyət sözün həqiqi mənasında bu gün də ciddidir və getdikcə daha da ciddiləşir. Yəni proses çətinləşir. Çünki emal edilən məhsulların, o cümlədən neft və benzinin emalı və istehsalı prosesləri artıq sürətlə zəifləyir. Müəssisələr sıradan çıxarılır və bu risk getdikcə böyüyəcək. Nəticədə Rusiya ixracatçı ölkədən böyük ölçüdə idxalçı ölkəyə çevrilə bilər. Bu da, təbii ki, iqtisadiyyat üçün əlavə yükdür. Eyni zamanda, bu, məhsul daxilolmalarının həcminə də böyük ölçüdə mənfi təsir göstərəcək, daha doğrusu, idxalda çətinliklər yaradacaq. Çünki bunun üçün böyük maliyyə vəsaitləri tələb olunur. Yəni bir sözlə, bu proses davam edərsə, Rusiyada iqtisadi vəziyyət getdikcə çətinləşəcək. Bu artıq qarşısıalınması çətin olan bir prosesdir. Düşünürəm ki, bunun Azərbaycan üçün böyük ölçüdə mənfi tərəfləri olmayacaq. Çünki Azərbaycan onsuz da benzinin Rusiyadan idxalını son dövrlərdə müəyyən qədər diversifikasiya edib və alternativlər üzərində bu gün də müəyyən təhlillər aparılır. Düşünürəm ki, proses belə davam edərsə, qarşıdakı dövrlərdə, xüsusən də 95 markalı benzinin qiymətində müəyyən qədər artım ola bilər. Çünki Rusiyadan digər istiqamətlər üzrə idxal həyata keçirilərsə, bu, təbii olaraq idxal olunan ölkədə benzinin qiymətinə və logistik xərclərə uyğun olaraq qiymətlərin bir qədər yüksəlməsinə səbəb ola bilər. Amma bunun 2026-cı ildə deyil, növbəti illərdə baş verməsi mümkündür. Yəni benzinin qiyməti bu istiqamətdə davamlı dəyişərsə və Rusiya müəssisələri də davamlı olaraq sıradan çıxarılarsa, belə bir ehtimal yarana bilər".
İqtisadçı qeyd edib ki, neftin bahalaşması Azərbaycanın neft gəlirləri baxımından müsbət dinamika yarada bilər:
"Bahalı neft Azərbaycana neft gəlirləri baxımından müsbət dinamika yaradır, müəyyən istiqamətdə benzinin qiymətində artımı da müəyyən dövrlər ərzində neft gəlirləri hesabına hansısa formada kompensasiya etmək mümkündür. Dizel yanacağının qiymətinin artması isə böyük ölçüdə kənd təsərrüfatı məhsullarına və fermerlərə təsir göstərə bilər. Amma hazırda həm dizel yanacağının, həm də 92 markalı benzinin istehsalının böyük hissəsi ölkəmizdə həyata keçirildiyindən, bununla bağlı hər hansı ciddi risk olduğunu düşünmürəm.
Yalnız 95 markalı benzinin qiyməti ilə bağlı belə bir ehtimaldan danışa bilərik".
