Bakının bu əraziləri “qızıl zona”ya çevrilir: qiymətlər kəskin bahalaşacaq – SİYAHI

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakının 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcəyini açıqlayıb. Bu çərçivədə paytaxtda yeni şəhər mərkəzlərinin yaradılması, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və keçmiş sənaye ərazilərinin bərpası nəzərdə tutulur. Bakının inkişaf modelində gözlənilən bu dəyişikliklərin daşınmaz əmlak bazarına da təsir göstərəcəyi bildirilir. Xüsusilə yeni mərkəzlərə çevriləcək ərazilərdə ev və torpaqlara tələbatın artması məsələsi gündəmə gəlir.

Bakının çoxmərkəzli şəhər modelinə keçidi əmlak bazarına necə təsir edəcək? Hansı ərazilərdə ev və torpaq qiymətlərində artım daha çox müşahidə oluna bilər?

Referans Media xəbər verir ki, globalinfo.az-a danışan Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyib ki, əslində, keçmiş sənaye ərazilərinin bərpası kifayət qədər qlobal məsələdir:

“Bu istiqamətdə özünəməxsus yanaşmalar tətbiq olunmalıdır. Bakı Sovet dövründə sənaye şəhəri olub. Lakin hazırda şəhərdə geniş sənaye zonalarının qalması məqsədəuyğun deyil. Məsələn, Dərnəgül, Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospekti arasında şəhərin daxilində yerləşən və böyük əraziləri əhatə edən sənaye zonaları var. 1990-cı illərin əvvəllərindən etibarən burada fəaliyyət göstərən müəssisələrin böyük hissəsi fəaliyyətini dayandırıb və sonradan Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilib. Hazırda həmin ərazidə təyinatı üzrə fəaliyyət göstərən müəssisələrin sayı azdır. Digər ərazilər isə əsasən anbar və anqar kimi istifadə olunur. Bu baxımdan, həmin ərazilərin əvvəlki təyinatı üzrə bərpasının nə dərəcədə məqsədəuyğun olduğu sual doğurur. Hesab edirəm ki, gələcəkdə bu ərazilərin yaşıllıq və yaşayış zonalarına çevrilməsi daha məqsədəuyğun olar. Şəhərin müxtəlif hissələrində qalan digər sənaye müəssisələri ilə bağlı da eyni yanaşma tətbiq edilməlidir”.

Ekspert bildirib ki, şəhərin mərkəzində və mərkəzətrafı ərazilərdə çoxsaylı ASC-lər, sənaye müəssisələri var:

“Onların bir qismi Bakının Baş Planında da qeyd olunub. Lakin bu ərazilərin gələcək inkişafı ilə bağlı konkret tədbirlər hələ həyata keçirilməyib. ASC-lərin, zavodların və digər sənaye müəssisələrinin sayı şəhər daxilində kifayət qədər çoxdur. Bu ərazilərin təyinatının dəyişdirilməsi, tikinti şirkətləri üçün əlverişli şəraitin yaradılması və onların yaşayış komplekslərinin inşasına cəlb edilməsi mümkündür. Bunun üçün Şəhərsalma və Arxitektura Komitəsi həmin sənaye zonaları və digər ərazilərlə bağlı müvafiq tədbirlər planı hazırlamalıdır. Torpaqların təyinatı dəyişdirilməli, qanunvericiliyə uyğun olaraq sənədləşmə prosesi sadələşdirilməli və bu ərazilər yaşayış komplekslərinin tikintisi üçün yararlı vəziyyətə gətirilməlidir. Təbii ki, burada mülkiyyət və sənədləşmə ilə bağlı hüquqi məsələlər də həll olunmalıdır”.

E.Azadov qeyd edib ki, bütün sənaye və istehsalat müəssisələrinin yerləşdiyi ərazilərin, torpaqların təyinatı dəyişdirilməlidir:

“Nəticədə tikinti şirkətləri üçün yaşayış komplekslərinin inşasına əlverişli şərait yaranmalıdır. Əks halda, biz artıq altı ildir daşınmaz əmlakın kəskin bahalaşması ilə üzləşirik. Qiymətlərdə 80 faizə qədər bahalaşma başlayıb. Bunun səbəblərindən biri də tikinti şirkətlərinin fəaliyyət göstərə bilməməsidir. Əsas qiymət artımı yeni şəhər mərkəzlərinin formalaşacağı, nəqliyyat infrastrukturu gücləndiriləcək və keçmiş sənaye ərazilərinin yenilənəcəyi zonalarda müşahidə oluna bilər. Xüsusilə metro xətlərinə yaxın, yeni iş və xidmət mərkəzlərinin yaranacağı ərazilərdə torpağa, mənzilə tələbatın artması qiymətlərə təsir göstərir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki