image-bakiiibackend

Milyonluq PLAN: Bakıda mənzili olanları nələr gözləyir? – Elə iddia yayıldı ki…

Bakıda mənzil sahibi olmaq getdikcə çətinləşir. Bəzi ekspertlər iddia edirlər ki, yaxın illərdə paytaxtda evi olan şəxslər faktiki olaraq milyonçu sayılacaqlar. Onların arqumentinə görə, Bakı tədricən daha varlı və bahalı şəhərə çevrilir. İddialara əsasən, mənzil qiymətləri kəskin artacaq, yaşayış xərcləri yüksələcək və şəhər daha elit məkana çevriləcək. Müqayisə üçün isə tez-tez Dubay və oxşar qlobal şəhərlərin nümunəsi göstərilir.

Bu fikirlər nə dərəcədə əsaslıdır? Doğrudanmı paytaxtda mənzil qiymətləri rekord həddə çata bilər?

Referans Media xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, qiymətlərin bundan sonra əhəmiyyətli dərəcədə artacağını düşünmür: “Alıcılıq qabiliyyəti anlayışı var. İnsanların gəlirləri bu səviyyədə artmayıb. Hazırda mənzil bazarındakı qiymət artımı daha çox söküntü işləri ilə əlaqədardır. Şəhərin mərkəzi hissələrində söküntü işləri aparılır və həmin ərazilərdə yaşayan insanlar kompensasiya aldıqdan sonra yenidən mənzil almaq məcburiyyətində qalırlar. Digər tərəfdən, ölkədə alternativ investisiya alətləri kifayət qədər inkişaf etməyib”.

N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda mənzildən başqa geniş və əlçatan investisiya imkanları yoxdur: “Qiymətli kağızlar bazarı yetərincə inkişaf etməyib, sabit dividend və ya gəlir gətirən digər maliyyə alətləri məhduddur. Bu səbəbdən vəsaiti olan şəxslər pullarını qorumaq üçün daşınmaz əmlak bazarına yönəlirlər. Bəziləri isə mənzil alaraq kirayəyə verməklə əlavə qazanc əldə etməyə çalışırlar. Əsas faktorlar bunlardır. Lakin Azərbaycanda, xüsusilə də Bakı şəhərində qiymətlərin bundan sonra da fantastik şəkildə artacağını söyləmək çətindir. Çünki bazarın müəyyən doyma həddi var. Bir müddətdən sonra alıcı sayı azalarsa, yüksək qiymətə mənzili kim alacaq?”

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Orucun fikrincə, səsləndirilən fikirlər həqiqəti əks etdirir: “Bəli, ölkə iqtisadiyyatı böyüyür, manatın alıcılıq qabiliyyətində dəyişikliklər baş verir və ümumilikdə qiymət artımı müşahidə olunur. Bu artım həm ərzaq, həm yanacaq, həm də qeyri-ərzaq məhsullarında özünü göstərir. Bütün bunların fonunda daşınmaz əmlakın investisiya cəlbediciliyi də yüksək olaraq qalır. Hazırda daşınmaz əmlak investorlar üçün prioritet istiqamətlərdən biridir. Son beş ildə bu sahədə qiymət artımının baş verməsi də məhz bununla əlaqədardır. Xüsusilə pandemiya dövründə insanlar aktiv biznesin yüksək risklər daşıdığını gördülər. Passiv gəlir mənbələri isə daha sabit və uzunmüddətli qazanc imkanı təqdim edir. Bu baxımdan ən çox üstünlük verilən sahələr qızıl və daşınmaz əmlak oldu. Daşınmaz əmlakın əlavə saxlanma xərci yoxdur, fiziki olaraq mövcuddur, dəyəri zamanla artır və icarəyə verildikdə əlavə gəlir gətirir. Hər il müşahidə olunan artım tempi onu daha sərfəli investisiya alətinə çevirir”.

V.Oruc deyib ki, son beş ildə sektor üzrə orta illik qiymət artımı təxminən 10-15 faiz civarında olub: “Lakin 2026-cı ildən etibarən, yeni layihələr, söküntülər, əlavə tikintilər və infrastruktur dəyişiklikləri aparılan ərazilər istisna olmaqla, ümumi bazarda əvvəlki illərdəki qədər yüksək artım tempinin olacağı gözlənilmir. “Bakıda evi olan milyonçu olacaq” kimi fikirlər daha çox bənzətmə xarakteri daşıyır. Müqayisələr aparılarkən bir sıra parametrlər nəzərə alınmır, müqayisə qüsurludur. Məsələn, Dubayla müqayisə doğru yanaşma deyil. Çünki Dubay inkişafının fərqli mərhələsindədir. Azərbaycan, o cümlədən Bakı isə özünəməxsus iqtisadi və tarixi inkişaf dövrünü yaşayır. Müharibədən sonrakı yenidənqurma layihələri, infrastrukturun genişləndirilməsi və iqtisadi transformasiya prosesi ölkənin inkişaf modelini fərqləndirir”.

Mütəxəssis qeyd edib ki, hazırda Bakıda bütün mənzillərin qiymətinin milyon manata çatması real görünmür: “Bəli, milyon və ya milyona yaxın qiymətə təklif olunan evlər var, lakin bu seqment bazarın xüsusi və məhdud bir hissəsini təşkil edir. Eyni zamanda şəhər daxilində 150-250 min manat aralığında kifayət qədər mənzil mövcuddur və şəhər sərhədləri genişləndikcə təklif coğrafiyası da artır”.

Vüqar Oruc əlavə edib ki, qiymət artımı əvvəlki illərlə müqayisədə daha aşağı templə davam edəcək: “2027-ci il isə daha çox selektiv, yəni müəyyən ərazilər və layihələr üzrə artımlarla yadda qala bilər. Ümumilikdə əmlak qiymətlərinin kəskin enişi gözlənilmir. Lakin hər hansı kataklizm – təbii fəlakət, maliyyə böhranı və ya devalvasiya baş verərsə, xarici valyuta ifadəsində qiymətlərdə azalma mümkündür. Manatla ifadədə isə artım davam edə bilər. Nəticə etibarilə, Bakının artıq “həddindən artıq bahalı şəhər” mərhələsinə keçdiyini söyləmək tezdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki