Mütəxəssislər xəbərdarlıq edir: Üç həftədən uzun burun axıntısı təhlükə siqnalıdır

Küləkli və soyuq havaların başlaması ilə qrip hallarının sayı artıb, bəzi insanlarda isə burun axıntısı uzun müddət davam edir. Həkimlər bildirir ki, üç həftədən uzun çəkən burun axıntısı diqqətlə izlənməlidir.

Referans Media xəbər verir ki, Qulaq, burun, boğaz üzrə mütəxəssis Mazhar Çelikoyar NTV-yə açıqlamasında qeyd edib ki, keçməyən burun axıntısının müxtəlif səbəbləri ola bilər.

Ən təhlükəli səbəblərdən biri beyin mayesinin sızmasıdır. Çelikoyar bildirib: “Əgər beyin mayesi sızırsa, beyin ilə burun arasında boşluq yaranmış deməkdir. Bu, menenjit kimi ağır xəstəliklərə yol aça bilər.” Həkim əlavə edib ki, erkən diaqnoz qoyulsa, bu problem ciddi xəstəliklərə səbəb olmadan müalicə oluna bilər.

Keçməyən burun axıntısının digər təhlükəsi isə burunda yaranan şişlərdir. Çelikoyar həmçinin qeyd edib ki, burun axıntısına allergiyalar da səbəb ola bilər: gözlərdə və burunda qaşınma varsa, bu, allergiyanın göstəricisi ola bilər.

Reflüks də burun axıntısını davam etdirə bilər. Həkim deyib: “Mədə turşusunun qida borusuna, oradan isə genzə doğru hərəkəti burun axıntısına səbəb ola bilər.”

Mütəxəssis vurğulayıb ki, düzgün müalicə üçün vaxt itirmədən həkimə müraciət etmək vacibdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki