Son illərdə seçkilərdə gənc seçicilərin iştirakı diqqətçəkəcək dərəcədə aşağıdır. Baxmayaraq ki, gənclər cəmiyyətin ən enerjili və dəyişiklik istəyi ilə dolu təbəqəsidir, onların siyasi proseslərə maraq göstərməməsi suallar doğurur. İnam çatışmazlığı, siyasi maarifləndirmənin zəifliyi və alternativin olmaması bu passivliyin əsas səbəbləri kimi göstərilir. Nəticədə isə qərarvermə prosesində gənc səsin rolu arxa planda qalır.
Mövzu ilə bağlı politoloq Samir Hümbətov Referans – a açıqlama verib. Siyasi şərhçi bildirib ki, məsələ həm şəxsi düşüncələrdən, həm də cəmiyyətdə aparılan təbliğatdan irəli gəlir. Bu gün bəzi qüvvələr, xüsusən ailə dəyərlərinə qarşı hücumlar edərək, gənclərə fərqli tərbiyə verməyə çalışır. Bu, gənclərin siyasi proseslərdəki aktivliyini azaldır. Gənclərin siyasi fəallığı, bəzən seçki və siyasi proseslərdən uzaq durmaları da bu təbliğatın nəticəsidir. Bu gün Yeni Azərbaycan Partiyasının və digər siyasi partiyaların, habelə qeyri-hökumət təşkilatlarının gənclər təşkilatları aktiv şəkildə fəaliyyət göstərir. Lakin bu təşkilatların fəaliyyəti, gənclərin seçkilərdə aktiv iştirakı ilə nəticələnmir. Seçki prosesində siyasi iştirak zəifdir, çünki gəncləri siyasi proseslərdən uzaq tutmağa yönəlmiş yanlış təbliğat geniş yayılıb.
Samir Hümbətov Gənclərin 18-35 yaş arasında siyasi proseslərdən kənar saxlanması bəzi qüvvələrə daha rahat hakimiyyət qurmağa şərait yaradır. Beləliklə, siyasi proseslərə müdaxilə etmədən öz ambisiyalarını həyata keçirə bilirlər. Lakin gənclərin siyasi proseslərdə iştirak etməsi, dövlətçiliyin qorunması və inkişafı baxımından vacibdir. Gənclərimizin siyasi proseslərə daxil olması, dövlətin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə, partiyalar gənclər təşkilatlarını gücləndirməli və onları siyasi fəaliyyətə daha çox cəlb etməlidirlər. Lakin siyasi partiyalar da bir tərəfdən düşünməlidir ki, əgər bu gün dövlət irəli getmək istəyirsə, gəncləri irəli aparmaq lazımdır. Amma digər tərəfdən, bəzi siyasi partiya rəhbərləri düşünürlər ki, gənclər gəlib onların yerini tutacaq, bu səbəbdən də gənclərə yer verməkdə tərəddüd edirlər. Onlar gənclərin irəliləməsinin öz yerini tutmalarına və siyasi mövqelərinin zəifləməsinə səbəb olacağını düşünürlər.
“Bu həm dövlətin inkişafı, həm də cəmiyyətin müxtəlif qrupları arasında əlaqə qurulması üçün əhəmiyyətlidir. Həmçinin, bu məsələdə siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının üzərinə böyük məsuliyyət düşür. Onlar gəncləri daha çox irəli aparmağa çalışmalı və onların siyasi fəallığını artırmalıdırlar”, – deyə əlavə etdi.
Gülgəz Qədirova
Referans