Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda dünya enerji bazarlarında baş verə biləcək dəyişikliklər və bunun Azərbaycan iqtisadiyyatına təsiri yenidən diqqət mərkəzinə gəlib. Xüsusilə neft qiymətlərinin mümkün artımı və dolların məzənnəsində paralel dəyişiklik ehtimalı müzakirə olunur.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, İran ətrafında hərbi-siyasi gərginlik artdıqda dünya bazarında neft qiymətləri adətən qısa müddətli yüksəliş göstərir. Onun sözlərinə görə, bunun əsas səbəbi regionun qlobal enerji təchizatında mühüm paya malik olması və mümkün tədarük riskləridir.
Ekspert qeyd edib ki, əgər risklər real ixrac azalmasına və ya logistika marşrutlarının bağlanmasına səbəb olarsa, bahalaşma daha davamlı ola bilər. Lakin gərginlik məhdud qalarsa və fiziki təchizat pozulmazsa, qiymətlər müəyyən müddətdən sonra sabitləşə və ya geri çəkilə bilər.
A.Nəsirli vurğulayıb ki, neftin bahalaşması ilə dolların paralel şəkildə artması hər zaman avtomatik baş vermir. ABŞ dolları qlobal risk dövrlərində “təhlükəsiz liman” valyutası kimi möhkəmlənə bilər. Eyni zamanda, yüksək neft qiymətləri enerji ixrac edən ölkələrin valyutalarını da gücləndirə bilər. Bu baxımdan proses daha çox qlobal maliyyə axınlarından, ABŞ-ın pul siyasətindən və investor davranışından asılıdır.
İqtisadçı bildirib ki, Azərbaycan üçün neft qiymətinin artması qısa və orta müddətdə müsbət fiskal effekt yaradır. Büdcə gəlirləri və ixrac daxilolmaları artır, tədiyə balansı yaxşılaşır, Dövlət Neft Fonduna transfert imkanları genişlənir. Bu isə manatın məzənnəsinə təzyiqi azalda və valyuta ehtiyatlarını gücləndirə bilər.
Bununla yanaşı, ekspert əlavə edib ki, neftin uzunmüddətli yüksək qiyməti qlobal inflyasiyanı artırarsa, idxal olunan malların bahalaşması Azərbaycanda da qiymət artımını sürətləndirə bilər. Həmçinin regionda hərbi risklərin artması investisiya mühitinə psixoloji təsir göstərə bilər.
A.Nəsirlinin sözlərinə görə, yüksək neft qiyməti fiskal baxımdan üstünlük yaratsa da, ümumi iqtisadi sabitlik baxımından geosiyasi risk amili həlledici olaraq qalır.
Gülnaz Abdullazadə























