Rusiyada yanacaqdoldurma məntəqəsi işçisinə normadan artıq yanacaq doldurması üçün pul təklif etmək cərimə və ya həbs cəzası ilə nəticələnə bilər.
Referans Media xarici mediaya istinadla xəbər verir ki, hazırda Rusiya Federasiyasının 40-dan çox bölgəsində benzin və dizel yanacağının satışına məhdudiyyətlər var. Buna görə də bəzi sürücülər getdikcə yanacaqdoldurma məntəqələrinin işçiləri ilə "danışıqlar aparmağa" və icazə veriləndən artıq yanacaq almaq üçün pul təklif etməyə çalışırlar.
Vəkil Viktor Bezyazıçnı mediaya bildirib ki, belə bir "rüşvət" Rusiya Cinayət Məcəlləsinin 204-cü maddəsi olan "Kommersiya rüşvətxorluğu" ilə cəzalandırıla bilər. O izah edib ki, yanacaqdoldurma məntəqəsinin işçisi mal buraxmaq səlahiyyətinə malikdir və qanuna əsasən, kommersiya təşkilatında idarəetmə funksiyalarını yerinə yetirən şəxs hesab edilə bilər.
Maddənin əsas müddəalarına əsasən, cəza 400.000 rubla qədər cərimə və ya iki ilə qədər həbs cəzası ola bilər. Rüşvət əhəmiyyətli hesab edilərsə, cərimə 800.000 rubla qədər, həbs müddəti isə üç ilə qədər artırıla bilər. Əgər məbləğ daha böyükdürsə və ya bir neçə nəfər iştirak edirsə, cəza 1,5 milyon rubla qədər cərimə və ya yeddi ilə qədər həbs cəzası ola bilər.
Cinayət məsuliyyəti pul ödəmədən də mümkündür. Sürücü mükafat təklif edərsə və yanacaqdoldurma məntəqəsinin işçisi imtina edərsə, bu, cinayətə cəhd kimi qiymətləndirilə bilər./Musavat.com
