Türkiyə iyulun 7–8-də Ankarada keçiriləcək NATO liderlərinin sammiti ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirib.
Referans Media xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mustafa Çiftçi məlumat verib.
Nazirin sözlərinə görə, təhlükəsizlik tədbirləri təkcə paytaxt Ankaranı deyil, həm də ona bitişik bir sıra vilayətləri əhatə edəcək.
O bildirib ki, ölkə üzrə ümumilikdə 56 288 hüquq-mühafizə orqanı əməkdaşı xidmətə cəlb olunub. Onlardan 48 841-i polis, 7 447-si isə jandarma əməkdaşıdır.
Sammit günlərində Türkiyə şəhərlərində 4 405 polis patrulu növbə çəkəcək. Əsas iclasın keçiriləcəyi Prezident Kompleksi ilə Esenboğa Hava Limanı arasındakı marşrutun təhlükəsizliyini 3 926 polis əməkdaşı təmin edəcək. Hava limanından Prezident Kompleksinədək olan digər hissədə isə əlavə 1 742 əməkdaş xidmət aparacaq.
Mustafa Çiftçi kibertəhlükəsizlik tədbirlərinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Nazir bildirib ki, kiberməkanda 24 saat fasiləsiz monitorinqin aparılması üçün Daxili İşlər Nazirliyinin əlavə 639 əməkdaşı cəlb edilib. O əlavə edib ki, oxşar təhlükəsizlik tədbirləri əvvəlki NATO sammitləri zamanı da həyata keçirilib.
