İxtisas seçiminə AZ qaldı - Bu SƏHVİ etsəniz...

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul mərhələsinin ən məsuliyyətli dövrü – ixtisas seçimi yaxınlaşır. İmtahan nəticələri elan olunduqdan sonra minlərlə abituriyent və valideyn qarşısında mühüm qərar dayanır. Çünki düzgün seçilmiş ixtisas gələcək peşə və karyera yolunu müəyyənləşdirən əsas amillərdən biri hesab olunur.

Lakin hər il yüzlərlə abituriyent balına uyğun deyil, təsadüfi seçim etdiyi və ya əmək bazarındakı tələbatı nəzərə almadığı üçün sonradan peşman olur.

Bəs ixtisas seçərkən əsas meyar nə olmalıdır – yüksək bal, şəxsi maraq, yoxsa əmək bazarının tələbi? Abituriyentlər ən çox hansı səhvlərə yol verirlər? Gələcəkdə iş tapmaq baxımından hansı ixtisaslar daha perspektivlidir? Valideynlərin seçimə müdaxiləsi nə dərəcədə doğrudur və düzgün ixtisas seçimi üçün hansı məqamlara xüsusi diqqət yetirilməlidir?

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “Ali təhsil müəssisələrinə qəbul üzrə blok imtahanının ikinci mərhələsi II və III qruplar üçün 5 iyul, I və IV qruplar üçün isə 12 iyul tarixlərində keçiriləcək. Bundan sonra isə qəbul prosesinin ən həlledici və final mərhələsi — ixtisas seçimi başlayır. Bu mərhələdə həm abituriyentlər, həm də valideynlər son dərəcə diqqətli olmalıdırlar. Əsas məqsəd əmək bazarında tələb olunan ixtisaslar üzrə müsabiqəyə qatılmaqdır. İxtisasların kor-təbii şəkildə seçilməsi gələcəkdə bir çox problemlərə yol açır, tələbələr ya yenidən əlavə təhsil almaq, ya magistraturada ixtisaslarını dəyişmək məcburiyyətində qalırlar, ya da ümumiyyətlə işsiz qalırlar”.

Ekspert bildirib ki, seçim zamanı abituriyentin topladığı yüksək bal ilə onun şəxsi maraqları mütləq üst-üstə düşməlidir. Bu amillər nəzərə alınmadıqda ciddi səhvlər qaçılmaz olur: “Bəzən valideynlərin prosesə yanlış müdaxiləsi ucbatından hətta 600-650 bal toplayan abituriyentlərin belə müsabiqədən kənarda qaldığını görürük. Hər il 400-500-dən çox bal toplayan onlarla gənc məhz düzgün seçim etmədiyi üçün universitetə qəbul ola bilmir. Uğurlu seçim üçün ən vacib addım peşəkar mütəxəssis rəyi almaqdır. Burada söhbət "dırnaqarası" ekspertlərdən deyil, bu sahədə 15-20 il təcrübəsi olan, əmək bazarını yaxşı analiz edən və real qəbul şanslarını düzgün qiymətləndirən peşəkarlardan gedir. Valideynlər mütləq bu cür mütəxəssislərlə məsləhətləşərək addım atmalıdırlar".

Mütəxəssislərin fikrincə, yaxın illərdə əmək bazarında ən çox tələbat görəcək ixtisaslar sırasında informasiya texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik, proqramlaşdırma, data analitikası, mühəndislik, bərpa olunan enerji, logistika, maliyyə və rəqəmsal marketinq sahələri yer alacaq. Bununla yanaşı, həkimlik, tibb bacılığı, müəllimlik, psixologiya və peşə təhsili istiqamətləri də demoqrafik dəyişikliklər və cəmiyyətin ehtiyacları fonunda aktuallığını qoruyacaq. Ekspertlər vurğulayırlar ki, gələcəyin peşələri seçilərkən təkcə bugünkü tələbat deyil, texnologiyanın inkişafı, rəqəmsallaşma və avtomatlaşdırmanın əmək bazarına təsiri də nəzərə alınmalıdır. Bu baxımdan, yalnız yüksək maaş və ya dəb naminə deyil, həm şəxsi maraqlara, həm də bazarın uzunmüddətli ehtiyaclarına uyğun ixtisas seçimi daha uğurlu karyera üçün əsas şərtlərdən biri hesab olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki