Ermənistan baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində 2018-ci il “məxməri inqilabı” dövrünə dair yeni detallar açıqlayıb. O bildirib ki, ölkənin üçüncü prezidenti Serj Sarkisyan həmin vaxt istefasını iki dəfə təxirə salmaq istəyib.
Referans.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Paşinyanın sözlərinə görə, hələ həbsdə olduğu dövrdə o zamanın baş nazir müavini Karen Karapetyan vasitəçi kimi onunla əlaqə saxlayıb və “hakimiyyətin ötürülməsi qarşılığında etirazların dayandırılmasını” təklif edib:
“Karen Karapetyan mənə dedi ki, Serj Sarkisyan istefaya getməyə razıdır, amma əvvəlcə Frankofoniya sammitindən sonra bunu etmək istəyir. Mən isə dedim ki, bu, qəbuledilməzdir – Sarkisyan dərhal getməlidir”.
Nikol Paşinyan əlavə edib ki, bir müddət sonra Karapetyan ikinci dəfə gəlib və bu dəfə Sarkisyanın iyun ayında istefa verməyə hazır olduğunu bildirib:
“Dedim ki, bu da qəbuledilməzdir. Bildirdim ki, ən gec bir gün sonra istefa verməlidir. Karapetyan bir qədər sonra dedi ki, bu variant Serj Sarkisyan üçün məqbul sayılır”.
Paşinyan qeyd edib ki, həmin dövrdə Karapetyan özü də hakimiyyəti ələ almağa hazır olduğunu bildirmişdi, lakin bu təklifi də qəti şəkildə rədd etdiyini söyləyib.























