Azərbaycanda ötən müddət ərzində sosialyönümlü xərclər 2,2 dəfə artaraq 7,8 milyard manatdan 17,1 milyard manat çatıb. Sosial müdafiə və sosial təminat xərcləri isə 2,2 dəfə artaraq 2,3 milyard manatdan 4,9 milyard manata çatıb.
Referans Media xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev APA-ya müsahibəsində deyib.
Bildirib ki, ötən il Azərbaycanda beşinci sosial islahat zərfi tətbiq edilib və bu çərçivədə 3 milyon vətəndaşla bağlı dəstək tədbiri həyata keçirilib. Həmçinin, bu il keçirilən əmək pensiyalarının indeksləşdirilməsi nəticəsində də orta pensiyanın məbləğində 11 faiz artıma nail olunub.
“Hazırda orta pensiyanın məbləği 594 manatdır. Yaşa görə isə, orta pensiyanın məbləğində 10 faiz artım əldə etmişik. Yaşa görə orta pensiyanın məbləği 632 manat təşkil edir. Eyni zamanda, bu tədbirlər çərçivəsində işləyən əhalinin sığorta-pensiya sistemində toplanan pensiya kapitallarının indeksləşməsini təmin etdik. 2026-cı ilin yanvar ayından sistemdə olan şəxslər üzrə pensiya kapitalının 5,6 faiz artımına nail ola bilmişik. Həmçinin 965 min şəxsə ödənilən təqaüd və müavinətlərinin artımını reallaşdırmışıq. Həm təqaüd, həm də müavinət ödənişləri üzrə, haradasa, 16-17 faizə yaxın artım qeydə almışıq”, – nazir əlavə edib.























