Xəbər verdiyimiz kimi, İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfər edib.
Referans xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Əraqçini Kreml sarayında qəbul edib.
Görüşün mətbuata açıq hissəsində çıxış edən Putin, Rusiya və İranın etibarlı əlaqələrinə diqqət çəkib: “İran xalqına kömək etmək üçün səy göstəririk. İrana edilən hücumlar əsassız təcavüzdür”.
Putin Rusiyanın Yaxın Şərqdəki proseslərə yanaşmasının bəlli olduğunu açıqlayıb: “Rusiya Xarici İşlər Nazirliyi bizim yanaşmamızı açıq şəkildə ifadə edib. Həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında tutduğumuz mövqeyi bilirsiniz”.
Əraqçi isə Rusiyanın tarixin doğru tərəfində olduğunu bəyan edib:
“İsrail və ABŞ-ın İrana qarşı hərəkətləri qeyri-qanunidir və İranın özünü qorumaq haqqı var. Bu hərəkətləri pislədikləri üçün rusiyalı həmkarlarımıza minnətdarıq. Rusiya yaxşı razılaşmaların əldə olunmasında müsbət rol oynayıb. İsrailin, daha sonra ABŞ-ın obyektlərimizə hücum etməsi səbəbindən gərginliyin səviyyəsi hər keçən gün artır”.