Türkiyədə dondurucu soyuqlar və intensiv qar yağışı gündəlik həyatı iflic edib.
Referans Media xəbər verir ki, Meteorologiya Baş İdarəsinin “sarı” və “narıncı” kodlu xəbərdarlıqlarından sonra bir çox vilayətdə təhlükəsizlik məqsədilə təhsil müəssisələrində dərslər müvəqqəti dayandırılıb.
İstanbul Valiliyinin qərarına əsasən, 12 yanvar tarixində şəhər üzrə bütün dövlət və özəl təhsil müəssisələrində əyani təhsilə bir gün ara verilib. Qərar məktəblərlə yanaşı, kurslar, sürücülük məktəbləri, xüsusi təhsil və reabilitasiya mərkəzlərini də əhatə edir.
Ankarada isə xüsusilə kənd və ucqar ərazilərdə nəqliyyat risklərini nəzərə alaraq servisli (daşımalı) təhsil dayandırılıb. Paytaxtın mərkəzi hissələrində isə dərslər davam etdirilir.
Qar səbəbilə tətil elan edilən digər vilayətlər arasında Sakarya, Sivas, Kocaeli, Kahramanmaraş, Bingöl, Malatya, Yalova, Tunceli, Gümüşhane, Yozgat və Adıyaman da var. Bəzi bölgələrdə tətil iki gün müddətinə tətbiq olunub.
Eyni zamanda, bir sıra vilayətlərdə hamilə qadınlar, əlillər, qazilər və azyaşlı övladı olan qadın dövlət qulluqçuları inzibati məzuniyyətə göndərilib.
Mütəxəssislər qar yağışının və şaxtalı havanın yaxın günlərdə də davam edəcəyini bildirərək, vətəndaşları ehtiyatlı olmağa çağırır.























