“Yevlax Toxucu” ASC-nin 1997-ci ildə Şirzad Hüseynov adlı bir şəxs tərəfindən qurulduğu bildirilir. 2004-cü ildən bu müəssisə Qoca Səmədovun əlinə keçir. Xatırladım ki, Qoca Səmədov 2011-2019-cu illərdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı olub. 2019-cu il dekabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılmışdı. O, icra başçısı işlədiyi müddətdə dövlət büdcəsini talamaqda ittiham edilərək 5 il 9 ay müddətinə azadlıqdan mərhum edilmişdi.
Referans Media xəbər verir ki, Qoca Səmədovun qanunsuz əməllərindən biri də “Yevlax Toxucu” ASC ilə bağlıdır. Rayonda əlaqələrindən, imkanından və himayədarlarının gücündən istifadə edərək digər səhmdarların haqqına girib, müəssisəni mənimsəyib. Müəssisə rəsmi olaraq onun İlhamə adlı qaynı arvadının adında olsa da, hazırda da oranı mərhum Qoca Səmədovun oğlu Ruslan Səmədov idarə edir. O, müxtəlif illərdə “Yevlax Toxucu” ASC-nin ərazisini müxtəlif məqsədlər üçün icarəyə verib. Müəssisənin bir hissəsi kafe, mebel mağazası, digər bir hissəsi isə 4 min manata “Azərşəkər” MMC-yə icarəyə verilib. Ancaq həmin gəlirdən digər payçılara bir qəpik də verilməyib. Hətta onlar qapıdan qovulublar. Necə deyərlər, ot kökü üstündə bitib. Ruslan Səmədov da atasının yolunu davam etdirir. Əvvəlki kimi rayonda tam hökmranlıq edə bilməsə də kimlərəsə arxalanıb qeyri-qanuni əməllərini davam etdirir. Müəssisənin bir hissəsini üç aydır Elnur adlı biznesmenə məxsus “Ye-Doy” şirkətinə aylıq haqqı 3 min manata icarəyə verib. Onlar da ərazidə çörək sexi açıblar. Yəni təndir, lavaş hazırlayırlar.
Buna fikir verən də yoxdur. Nə Vergi Xidməti, Nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də Qida Təhlükəsizliyi Agentliyi (AQTA). Bu təşkilatların Yevlaxdakı əməkdaşları görəsən hansı fəaliyyətlərinə görə maaş alırlar? Sexdəki işçilərin hamısı müqaviləsiz işləyir. “Ye-Doy”un təndir istehsalına görə icazəsi varsa da, lavaş bişirilməsinə icazəsi yoxdur. Üstəlik də toxuculuq müəssisəsinin ərazisində un məmulatları hazırlanması nə dərəcədə qida təhlükəsizliyi ilə uzlaşır? Bu suallara adını çəkdiyim dövlət təşkilatları aydınlıq gətirməlidirlər. Hələki bu məsələyə heç kim müdaxilə etmir. Kim nə deyirsə, Elnur “mənə dəxli yoxdur” deyib söhbətdən yayınır. Bu adamın heç nə vecinə deyil. Elə bilir bir az pulu və Ruslan Səmədovun vədi varsa, hər şey edə bilər.
Bu məqaləm adlarını sadaladığım dövlət orqanlarının işçilərinə bir xatırlatma olsun. Ola bilər ki, həmin təşkilatların nümayəndələri “üz-üzdən utanar” prinsipi ilə işləyirlər. Elədirsə, onların tabe olduqları rəhbərləri bu məsələni nəzarətə götürməlidilər. Bir müəssisə 22 ildir qanun pozuntuları ilə işləyirsə, bu ciddi və hərtərəfli araşdırma tələb edir.
Sima Babayeva























