ADY-nin Bakı–Tbilisi reysləri üzrə satışa çıxardığı biletlərin qiyməti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Biletlərin 81 manatdan başlaması, standart yerlərin isə 120 manata qədər yüksəlməsi bəzi hallarda qatar qiymətlərini təyyarə biletlərinə yaxınlaşdırır. Halbuki sərnişinlərin əksəriyyəti qatar nəqliyyatını daha ucuz və əlçatan olduğu üçün seçir. Yeni qiymət siyasəti isə vətəndaşların gözləntiləri ilə tariflər arasındakı fərqi yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı Referans Media-ya danışan iqtisadçı Asif İbrahimov bildirib ki, məsələyə yalnız xidmət keyfiyyəti baxımından yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, burada əsas məsələ əhalinin gəlir səviyyəsi və alıcılıq qabiliyyətidir.
İqtisadçı qeyd edib ki, dünya ölkələri ilə müqayisədə Azərbaycanda tətbiq olunan dəmir yolu tarifləri kifayət qədər yüksək görünür:
“Azərbaycanda sərnişindaşıma sahəsində xidmət haqları ümumilikdə yüksəkdir. Bu da əsasən maya dəyərinin yüksək olması ilə əlaqələndirilir. Bir çox qurum dotasiya ilə fəaliyyət göstərir və həmin sahələrdə ciddi struktur islahatlarına ehtiyac var. Əks halda yekun xidmət qiymətləri daha da artır və gəlir-xərc balansında uyğunsuzluq yaranır”.
Asif İbrahimov vurğulayıb ki, hazırda Azərbaycanda orta aylıq əməkhaqqı təxminən 1100 manat civarındadır və ilin sonuna doğru bunun 1300 manata çatacağı proqnozlaşdırılır. Regionlarda isə bu göstərici daha aşağıdır:
“Bu baxımdan Bakı–Tbilisi istiqamətində 81 manatlıq bilet qiyməti vətəndaş üçün sadə səyahəti belə ciddi xərcə çevirir. Əgər üç və ya dörd nəfərlik ailə səyahət etməyi planlaşdırırsa, gediş-gəliş xərcləri ailə büdcəsinə əhəmiyyətli təsir göstərir”.
İqtisadçı bildirib ki, Avropa və Türkiyə ilə müqayisədə bəzi qatar biletləri nominal olaraq daha baha olsa da, həmin ölkələrdə gəlir səviyyəsi daha yüksək olduğundan nəqliyyat xərcləri ailə büdcəsində ciddi pay tutmur:
“Azərbaycanda isə minimum əməkhaqqı 400 manat, orta əməkhaqqı isə 1100–1300 manat arasında dəyişir. Bu səbəbdən dörd nəfərlik ailənin qatarla səfəri artıq büdcəyə ciddi yük yaradır”.
Onun sözlərinə görə, rəsmi qurumlar qiymət artımını yeni nəsil “Stadler” qatarları, texniki xidmət xərcləri, beynəlxalq tariflər, enerji və logistika xərcləri ilə izah edir. Lakin əsas problemlərdən biri struktur islahatlarının gecikməsidir:
“Modernləşmə elə aparılmalıdır ki, nəqliyyat hər kəs üçün əlçatan olaraq qalsın. Çünki imkanlı insanlar əsasən hava nəqliyyatından istifadə edir. Qatar və avtobus isə daha çox orta və aşağı gəlirli insanlar üçün münasib hesab olunur”.
Asif İbrahimov hesab edir ki, digər əsas problem alternativ nəqliyyat imkanlarının məhdud olmasıdır. Onun fikrincə, bəzi hallarda vətəndaş seçim etdiyi üçün deyil, məcbur qaldığı üçün həmin qiymətlərlə razılaşmalı olur.
“Reallıq göstərir ki, Azərbaycanda dəmir yolu nəqliyyatı sosial xidmət olmaqdan çıxaraq tədricən premium xidmət modelinə çevrilir. Halbuki həm minimum əməkhaqqı, həm də əhalinin real gəlirləri nəzərə alınaraq daha balanslı yanaşmaya ehtiyac var”, – deyə iqtisadçı əlavə edib.
Gülnaz Abdullazadə
