Ağ Şəhərdə təhlükəli anlar: nə baş verir? – FOTO

Xəbər verdiyimiz kimi, Ağ Şəhərdə, Mərkəzi Bulvar küçəsində torpaq sürüşməsi baş verib. Məlumata görə, sürüşmə nəticəsində küçədəki səkinin bir hissəsinə ziyan dəyib. Hadisə biznes mərkəzinin yaxınlığında yerləşən “Park Hill Sky” layihəsinin qazılmış özülünə doğru baş verib.

Sürüşmənin səbəbi nədir? Ağ Şəhərdə baş verən bu hadisə əmlak qiymətlərinə necə təsir göstərəcək?

Referans Media xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, hadisədən dərhal sonra əraziyə baxış keçirib:

“Yaxınlıqdan keçdim və hadisə baş verən əraziyə baxış keçirdim. Görünən odur ki, torpaq sürüşməsi şirkətin apardığı kotlavan qazıntısı ilə bağlıdır. Sürüşmə də məhz həmin qazıntının yaxınlığında baş verib. Yəni burada söhbət sırf texniki məsələdən gedir”.


R. Osmanlının sözlərinə görə, problem daha çox mühəndis işlərinin düzgün aparılmaması ilə əlaqədardır:

“Əslində, kotlavan qazılan zaman ərazidə müəyyən möhkəmləndirmə və bərkitmə işləri görülməli idi. Təəssüf ki, bu işlər lazımi səviyyədə həyata keçirilməyib və nəticədə belə bir hadisə baş verib. Bu baxımdan hesab edirəm ki, baş verən hadisənin Ağ Şəhər ərazisində daşınmaz əmlak qiymətlərinə ciddi və ya uzunmüddətli təsiri gözlənilmir. Mənim yanaşmam budur. Çünki əraziyə baxışdan sonra gəldiyim nəticə ondan ibarətdir ki, əgər mühəndis və təhlükəsizlik işləri düzgün şəkildə həyata keçirilsəydi, belə bir sürüşmə baş verməzdi. Amma təəssüf ki, proses lazımi qaydada aparılmayıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki