Dünya qızıl və gümüş bazarlarında diqqət Hindistanda tətbiq olunan yeni tənzimləmə qaydalarına yönəlib. Qiymətlərin formalaşma mexanizminə edilən dəyişikliklərin qlobal bazarlara necə təsir göstərəcəyi ilə bağlı müzakirələr intensivləşib.
Referans Media-ya açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, Hindistanın qızıl və gümüş bazarında tətbiq etdiyi yeni qaydalar qlobal qiymət dinamikasına mümkün təsirləri ilə diqqət mərkəzindədir.
Onun sözlərinə görə, aparılan dəyişikliklərə əsasən, qiymətlərin formalaşmasında artıq beynəlxalq istinadlarla yanaşı, yerli bazar göstəricilərinin də əsas götürülməsi nəzərdə tutulur. Bu isə dünya qiymət mexanizminə yeni elementlərin daxil olması deməkdir.
İqtisadçı qeyd edib ki, Hindistan qızıl istehlakına görə dünyanın ən böyük bazarlarından biri hesab olunur. Bu baxımdan, ölkədə qəbul edilən hər hansı tənzimləyici qərar qlobal tələbat və qiymət formalaşmasına dolayı təsir göstərir. Yeni qaydalar nəticəsində bazarda regional qiymət fərqlərinin artması və qlobal qiymət siqnallarının qismən parçalanması ehtimalı yüksəlir.
Asif İbrahimovun sözlərinə görə, yerli qiymətlərin əsas götürülməsi qızıl və gümüş bazarında volatilliyin artmasına səbəb ola bilər. Bu isə xüsusilə qısamüddətli dövrdə investorlar üçün əlavə risklər yaradır. Qiymətlərin həm qlobal faktorlar, həm də ayrı-ayrı iri bazarların daxili dinamikası ilə formalaşması daha kəskin dalğalanmalara gətirib çıxara bilər.
Eyni zamanda, o bildirib ki, institusional investorlar üçün qiymətli metallara çıxış imkanlarının genişlənməsi uzunmüddətli perspektivdə tələbin artmasına və nəticə etibarilə qiymətlər üzərində yüksəldici təsirin formalaşmasına səbəb ola bilər.
Azərbaycan bazarına gəldikdə isə, iqtisadçı təsirlərin əsasən dolayı xarakter daşıyacağını vurğulayıb. Onun fikrincə, yerli qızıl qiymətləri ənənəvi olaraq qlobal bazarlardakı dəyişikliklərə uyğun formalaşdığından, beynəlxalq qiymətlərdə baş verəcək hər bir dalğalanma daxili bazarda da əks olunacaq.
Bu isə alıcılıq davranışına təsir göstərərək, qiymət artımı dövrlərində gözləmə, eniş dövrlərində isə alış aktivliyinin artması ilə müşahidə oluna bilər.
Gülnaz Abdullazadə.























