"Qalatasaray" Almaniyanın "Bavariya" klubunda çıxış edən ulduz futbolçu Camal Musiala ilə bağlı yayılan transfer iddialarına rəsmi cavab verib.
Referans Media xəbər verir ki, "sarı-qırmızılı" klubdan verilən açıqlamada Musiala və "Bavariya" ilə razılıq əldə olunması barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib.
Klubun açıqlamasında deyilir: "Camal Musiala və "Bavariya" ilə klubumuzun razılığa gəldiyi barədə yayılan xəbərlər doğru deyil. İctimaiyyətin diqqətinə çatdırılır."
Türkiyə mətbuatında gün ərzində yayılan xəbərlərdə "Qalatasaray"ın 23 yaşlı alman futbolçunun transferi ilə bağlı böyük ölçüdə razılıq əldə etdiyi və Musialanı icarə əsasında heyətinə qatacağı iddia olunmuşdu. Lakin İstanbul klubu bu məlumatları rəsmi şəkildə təkzib edib.
Camal Musialanın Almaniya nəhəngi ilə müqaviləsi 2030-cu ilə qədər davam edir. Gənc ulduzun hazırkı bazar dəyəri isə təxminən 100 milyon avro olaraq göstərilir. 23 yaşlı futbolçu "10 nömrə" mövqeyi ilə yanaşı, sol cinah və mərkəz yarımmüdafiəçisi kimi də çıxış edə bilir.
Musiala ötən mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 24 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
