ABŞ-ın Yellowstone Milli Parkında gəzintiyə çıxan 57 yaşlı cütlük ana boz ayı və balaları ilə qarşılaşdıqdan sonra dəhşətli hadisə yaşayıb. Ayı kişiyə hücum edərək onu öldürüb. Qadın isə ölü təqlidi edərək hücumdan sağ çıxıb.
ABŞ-ın Yellowstone Milli Parkında Brian Matayoshi və həyat yoldaşı Marylyn Matayoshi Wapiti gölü yaxınlığında gəzərkən iki balası olan dişi boz ayı ilə qarşılaşıblar.
Referans Media xəbər verir ki, cütlük daha əvvəl fotosunu çəkdikləri ayını qısa müddət sonra cığırın üzərində yenidən görüblər. Heyvanı fərq etdikdən sonra panikaya düşən cütlük arxalarını çevirərək qaçmağa və qışqırmağa başlayıb.
Təxminən 170 metr qaçdıqdan sonra ayı onlara çatıb və Brian Matayoshiyə hücum edib. Kişi aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Ərinin gözləri qarşısında ayının hücumuna məruz qalmasının şahidi olan Marylyn isə yıxılmış ağacların arxasına sığınıb.
Qadın daha sonra yerə uzanaraq ölü təqlidi edib. Ayı onu bel çantasından tutaraq yerə atsa da, qadını təhlükə kimi görməyərək ərazidən uzaqlaşıb.
Marylyn mobil telefonun çəkdiyi siqnal olmayan ərazidə ərinin cansız bədəninin yanında kömək gözləməli olub.
Hadisədən sonra iki ay davam edən rəsmi araşdırma aparılıb. Yabanı təbiət üzrə mütəxəssislər hadisənin səbəbləri ilə bağlı diqqətçəkən nəticəyə gəliblər.
Hesabata görə, cütlüyün ayını gördükdən sonra panikaya düşərək qaçması və qışqırması heyvanın təqib instinktini gücləndirib. Mütəxəssislər bu davranışın hücumun baş verməsində mühüm rol oynadığını bildiriblər./Musavat.com/
Hadisə Yellowstone Milli Parkında vəhşi heyvanlarla qarşılaşma zamanı insanların davranışlarının nə qədər əhəmiyyətli ola biləcəyini bir daha gündəmə gətirib.
