İran İnqilab Keşikçiləri Ordusunun sözçüsü Hüseyn Muhibbi ABŞ-ın İrana qarşı yeni hücum ehtimalını şərh edib.
Referans Media xarici mediaya istinadən xəbər verir ki, Muhibbi ABŞ və İsrailin yeni hücumunun baş verəcəyi təqdirdə İranın müdafiə və hücum taktikasını ciddi şəkildə dəyişəcəyini bildirib.
“Yeni hücum olarsa, silahları və müharibənin coğrafiyasını dəyişəcəyik. Yeni imkanlarla təchiz edilmiş qüvvələri meydana çıxaracağıq. Hədəflərimiz əvvəlkilər olmayacaq. Hələ hücuma məruz qalmayan yeni hədəflər müəyyən etmişik”, - deyə o bildirib.
Muhibbi İranın uzunmüddətli müharibəyə hazır olduğunu və İnqilab Keşikçilərinin əvvəlkindən daha hazırlıqlı vəziyyətdə olduğunu qeyd edib.
O, həmçinin ABŞ-ın regiondakı hərbi üstünlüyünün sona çatdığını və bölgədə yeni düzənin İran tərəfindən müəyyənləşdirildiyini iddia edib. Muhibbinin sözlərinə görə, İran ABŞ-ın bölgədəki bəzi hərbi bazalarını vuraraq istifadəsiz vəziyyətə salıb.
