Son vaxtlar
Rusiyada azərbaycanlılara qarşı “xüsusi” münasibət hökm sürür. Azərbaycanlı
müxtəlif iş adamları, eləcə də siravi insanlar bu münasibətdən əziyyət çəkir.
Bəs
birdən birə bu yanaşmanın vüsət almasına səbəb nədir? Bu davam etsə, Azərbaycan-Rusiya
münasibətləri necə olacaq?
Tanınmış
jurnalist, hərbi ekspert Səxavət Məmməd Referans-a açıqlamasında bu sualları
cavablandırıb.

“Biz
tarixə nəzər saldıqda görürük ki, Azərbaycan-Rusiya münasibətləri hər zaman
enişli-yoxuşlu olub. Müəyyən dövrdə iki dövlət arasında münasibətlər həm üst səviyyədə
olub, həm də tərəflərin bir-birini ittiham etdiyi mərhələdə olub. İndiki mərhələdə
isə təbii ki, Rusiya-Azərbaycan münasibətləri açıq şəkildə çox pisləşib. Bu gərginlik
daha da dərinləşməyə başlayıb. Təbii ki, Azərbaycanla Rusiyanı hərbi güc
baxımında müqayisə etmək mümkün deyil. Amma Azərbaycan tərəfi də hər halda
Rusiya qarşısında dirəniş göstərir. Məsələrə bir qədər fərqli istiqamətdə
baxmalıyıq. Biz bu münasibətləri sadəcə müəyyən politoloqlar və media səviyyəsində
görürük. Məsələn, Azərbaycanda bəziləri iddia edir ki, Azərbaycan embarqonu
qaldırmalıdır, Ukraynaya silah satmalıdır. Amma ukraynalı politoloqlar özləri
etiraf edirlər ki, Azərbaycan bunu etsə belə, Ukrayna üçün dəyişən heç nə
olmayacaq. Çünki Ukraynaya daha çox patriotlar, orta mənzilli silahlar lazımdır.
Digər tərəfdən ruslar bildirirlər ki, Xəzər dənizi üzərindən Azərbaycana hücum
edilməlidir, Azərbaycanı işğal etmək lazımdır. Azərbaycandan olan bəzi
politoloqlar deyirlər ki, biz Dərbəndi götürməliyik, bunun üçün fürsət yaranıb.
Tərəflər arasında bu cür propaqanda ilə məşğul olanlar çoxdur”.
Səxavət Məmməd fikirlərinə bunları da əlavə edib:
“Rəsmi
cəhətdən biz məsələyə nəzər salsaq, dövlətlərin bir-birlərinə qarşı ağır bəyanatı,
təzyiqi hələ ki görmürük. Düşünürəm ki, bu münasibətlər sona qədər davam edə
bilməz. Rusiya imperialist, işğala meyilli, daim münasibətləri yola qoymaqda
güc faktorundan istifadə edən bir ölkədir. Azərbaycan və Rusiya arasında bir
müddət də bu gərginlik davam edəcək və sonra yoluna qoyulacaq. Çünki bunun belə
davam etməsi heç də yaxşı nəticə verməyə bilər. Hər iki dövlətin qarşılıqlı təzyiq
faktlarını yaxşı şəkildə götür-qoy etmək lazımdır”.
Səxavət
Məmməd düşünür ki, münasibətlərin hələ də düzəlmə ehtimalı var. Bütün “körpülər
yandırılmayıb”. Yaxın müddətdə münasibətlərdə istiləşmə mərhələsini görəcəyik.
Fidan
Vəlisoy























