Rusiyada saxlanılan ukraynalı hərbi əsirlərin sayı Ukraynada saxlanılan rusiyalı hərbi əsirlərin sayından çoxdur.
Referans MEDİA xəbər verir ki, bunu Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Yana Lantratova TASS-a müsahibəsində bildirib.
Lantratova əsir mübadilələrinin qeyri-mütənasib olduğu barədə iddialara münasibət bildirərək vurğulayıb ki, mübadilələr zamanı tərəflər hər dəfə bərabər sayda əsiri bir-birinə təhvil verirlər.
"Bu məsələdə hər şey tam aydın və düzgündür", – deyə ombudsman qeyd edib.
Onun sözlərinə görə, Rusiyada ukraynalı hərbi əsirlərin sayı daha çox olduğuna görə məktub və bağlamaların çatdırılması kimi humanitar məsələlərdə müəyyən qeyri-mütənasiblik yarana bilər.
"Mən deyə bilərəm ki, Rusiyada saxlanılan ukraynalı hərbi əsirlərin sayı Ukrayna ərazisində olan rusiyalı hərbi əsirlərin sayından çoxdur. Buna görə də, məsələn, məktubların və ya bağlamaların mübadiləsində qeyri-mütənasiblik ola bilər. Mən bunda pis heç nə görmürəm. İnsan hüquqları müdafiəçisi kimi komandamla birlikdə bu bağlamaları ehtiyacı olan hər kəsə çatdırmağa hazıram. Bu, humanitar məsələdir", – deyə Lantratova əlavə edib.
