“Ruslar xaricə səyahət edərkən "üçüncü ölkələrdən saxlanılma və ABŞ-a ekstradisiya riskini" nəzərə almalıdırlar”.
Referans Media Rusiya KİV-ə istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin İnsan Hüquqları üzrə Çoxtərəfli Əməkdaşlıq Departamentinin direktoru Qriqori Lukyantsev bildirib.
Lukyantsev qeyd edib ki, təkcə Avropa İttifaqında deyil, həm də daha geniş mənada bir çox dövlətin ekstradisiya ilə bağlı müəyyən öhdəlikləri var:
“Bütün bunlar insanların xaricə səyahət edərkən üzləşə biləcəyi riskləri qiymətləndirərkən nəzərə alınmalıdır".
Rusiya Xarici İşlər Nazirliyinin dərc etdiyi məlumata görə, ABŞ-ın tələbi ilə "Rusiya vətəndaşlarının saxlanılması riskinin artdığı" ölkələrə Avropa və Latın Amerikasının əksər ölkələri, eləcə də Avstraliya, Kanada, Ermənistan, İsrail, Maldiv adaları, Cənubi Koreya, Sinqapur, Tayland, Fici, Şri-Lanka, Liberiya və Mərakeş daxildir. Lakin Nazirlik qeyd edir ki, bu siyahıya ABŞ ilə ekstradisiya müqavilələri olan bütün ölkələr daxil deyil.
